“Mançester Yunayted” bəzi jurnalistləri konfransa buraxmadı

“Mançester Yunayted” bəzi nəşrlərin jurnalistlərinə komandanın baş məşqçisi Erik ten Haqın mətbuat konfransında iştirak etməyi qadağan edib.

Arena.az “Daily Star” nəşrinə istinadən məlumat verir ki, bunların arasında “Manchester Evening News”, “Sky Sports”, “Mirror” və ESPN kimi bir sıra məşhur nəşrlərin jurnalistləri yer alır.

Erik ten Haq mətbuat konfransını İngiltərə Premyer Liqasının 15-ci turunun “Çelsi” ilə oyunundan əvvəl çağırmağı münasib bilib.
Mənbənin məlumatına görə, həmin jurnalistlərə qadağa bəzi futbolçuların Erik ten Haqa inamını itirməsi ilə bağlı yayılan xəbərlərə münasibət bildirməzdən əvvəl, onların Mançester klubu ilə əlaqə saxlamaması ilə əlaqədardır.

Xatırladaq ki, “Sky Sports” daha əvvəl “Mançester Yunayted” komandasının yarısının holland çalışdırıcının fəaliyyətindən məyus olduğunu bildirmişdi.

Həmin məlumatda bildirilirdi ki, Ten Haq paltardəyişmə otağının tam yarısının etibarını itirib. Bunun baş verməsinin əsas səbəbi kimi, onun komanda üzvlərinin qaldırdığı narahatlıqlara cavab verməməsi, həmçinin Ceydon Sançonun komandadan “qovması” göstərilirdi.

Xəbəri paylaş:
Bizi sosial şəbəkələrdə izləyin: