Bu gün Qəbələdəki Heydər Əliyev Konqres Mərkəzində təşkil olunmuş “Vüqar Həşimov Memorialı-2023” superturnirinə start verilib.
Arena.az xəbər verir ki, yarışda rapid üzrə ilk 3 turun partiyaları baş tutub.
İlk turda Rauf Məmmədov Aydın Süleymanlıya qalib gəlib. Digər görüşlər heç-heçə başa çatıb. Boris Gelfand Arjun Eriqaisi ilə, Şəhriyar Məmmədyarov Rixard Rapportla, Nicat Abbasov Yorden Van Forestlə, Vidit Santoş isə Teymur Rəcəbovla bərabərliyə razılaşıb.
İkinci turda Nicat Abbasov rumın Rixard Rapporta, Şəhriyar Məmmədyarov isə Boris Gelfanda qalib gəlib. Arjun Eriqaisi – Rauf Məmmədov, Teymur Rəcəbov – Aydın Süleymanlı, Yorden Van Forest – Vidit Santoş heç-heçə oynayıb.
Üçüncü turda Rauf Məmmədovla Teymur Rəcəbov heç-heçə oynayıb. Nicat Abbasov Boris Gelfanda, Vidit Santoş Rixard Rapporta, Aydın Süleymanlı Yorden Van Forestə qalib gəlib. Şəhriyar Məmmədyarov Arjun Eriqaisəyə uduzub.
Beləliklə 3 turdan sonra 5 xalı olan Nicat Abbasov yarış cədvəlində liderliyə yüksəlib.
İlk gündən sonra xal durumu belədir:
Nicat Abasov – 5 xal, Vidit Santoş, Arjun Eriqaisi, Rauf Məmmədov – hamısı 4, Teymur Rəcəbov, Şəhriyar Məmmədyarov, Aydın Süleymanlı – hamısı 3, Yorden Van Forest – 2, Rixard Rapport, Boris Qelfand – hər ikisi 1.
Xatırladaq ki, “Vüqar Həşimov Memorialı-2023” superturnirinə dekabrın 11-də yekun vurulacaq.


