İtaliya nəhəngi “Milan”ın baş məşqçisi Stefano Pioli “rossoneri”nin UEFA Çempionlar Liqasını tərk etməsini şərh edib.
Arena.az “Football Italia” dərgisinə istinadən italyan mütəxəssisin bu barədə fikirlərini təqdim edir:
“Çox hisslərimiz var, əlbəttə ki, Çempionlar Liqasından kənarlaşdırılmaq məyusedicidir, xüsusən də keçən mövsüm nə qədər yaxşı çıxış etdiyimizi nəzərə alsaq. Bu qrupun tamam fərqli və çox çətin olduğunu bilirdik. Təəssüf ki, biz daha çox şeyə layiq idik və digər oyunlarda imkanlarımızdan necə istifadə edəcəyimizi bilmirdik, halbuki bu gün bunu bacardıq. İnanılmaz fəallıqla oynayan rəqib bizi qorxutmadı və ruhdan düşmədik. Bu, o deməkdir ki, biz Avropa Liqasının qalibi olmaq üçün əlimizdən gələni edəcəyik”, deyə Pioli bildirib.
“Milan” “F” qrupunu 8 xalla 3-cü pillədə başa vurub və Avropa Liqasında çıxış edəcək. “Borussiya” (Dortmund) 11 xalla 1-ci, PSJ isə 8 xalla 2-ci yeri tutaraq, Çempionlar Liqasının ələmə mərhələsinə vəsiqə qazanıblar. “Nyukasl” isə 5 xalla cari mövsümdə avrokuboklarda mübarizəsini başa vurub.


