“Mançester Yunayted”in baş məşqçisi Erik ten Haq Çempionlar Liqasından kənarlaşdırıldıqdan sonra komandasının hədəfləri barədə danışıb.
Arena.az “The Telegraph” dərgisinə istinadən, holland mütəxəssisin bu barədə fikirlərini təqdim edir:
“İlk dördlüyə düşmək? Əlbəttə ki, bu, bizim məqsədimizdir. Mövsümün ilk hissəsində çoxlu zədələrimiz oldu, amma indi oyunlar daha az olacaq, iş yükü azalacaq, futbolçuların sağalmaq üçün daha çox imkanları olacaq və biz məşqlərə daha çox vaxt ayıra biləcəyik. Oyunlardan əvvəl daha təravətli olacağıq”, deyə Ten Haq bildirib.
Erik ten Haq “Mançester Yunayted”i 2022-ci ilin iyulundan çalışdırır. 53 yaşlı mütəxəssisin “qırmızı şeytanlar”la müqaviləsi 2025-ci ilin iyun ayının sonuna qədər qüvvədədir. Geridə qalmış 2022/2023 mövsümündə Ten Haq “Mançester Yunayted”ə İngiltərə Liqa Kubokunu qazandırıb.
Son vaxtlar holland mütəxəssisin mümkün qovulması ilə bağlı şayiələr mətbuatda fəal surətdə müzakirə edilir. Buna əsas səbəb “qırmızı şeytanlar”ın mövsümün əvvəlindən qeyri-sabit və uğursuz çıxışı mənzərəsində qitənin ən mötəbər klub turniri olan Çempionlar Liqasından mübarizəni qrup mərhələsində başa vurmaları olub.
Hazırda “Mançester Yunayted” Premyer Liqanın turnir cədvəlində 16 oyundan sonra 27 xalla 6-cı yerdə qərarlaşıb. Premyer Liqaya 37 xalla Yurgen Klopun “Liverpul”u başçılıq edir.
Dekabrın 17-də Erik ten Haqın yetirmələri səfərdə məhz “Liverpul”un qonağı olacaqlar.


