Avropa futbolunda tarixi məqam ola biləcək yeni Avropa Super Liqası fikrinin tezliklə gerçək mənzərəyə çevrilməsi ehtimalı var.
Arena.az “Mundo Deportivo” nəşrinə istinadən məlumat verir ki, futbol üzrə Avropa Super Liqasının rəhbəri Bernd Rayxart UEFA və FIFA-ya qarşı antiinhisar iddiasına baxılmasının nəticələrinə dair qərar qəbul edilməli olan qarşıdakı məhkəmə iclası barədə danışıb.
Məhkəmənin özü dekabrın 21-də keçiriləcək.
“Bir neçə gündən sonra Avropa İttifaqının ən yüksək məhkəməsi UEFA və FIFA-ya qarşı antiinhisar iddiamızla bağlı qərar verəcək. Bu işdə hələ də çox çaşqınlıq var, amma əslində baş verən odur ki, UEFA-nın futbol arenasında mütləq monopoliyası var və bu monopoliyanın qorunub-saxlanacağı, yoxsa düşəcəyi məhkəmənin işidir.
Bütün dünyada milli liqalar üzv klublar tərəfindən idarə edilir. Yalnız Avropada klubların səsvermə hüququ yoxdur. Biz Avropa İttifaqının məhkəmələrinə və qanunlarına qətiyyətlə inanırıq.
Qərar qəbul etdikdən və UEFA-nın inhisarının qanunsuz olduğunu təsdiq etdikdən sonra, nəhayət, müxtəlif klubların səhmdarları ilə bir ildən artıq davam edən danışıqların nəticələrini ictimaiyyətə açıqlaya biləcəyik”, deyə Rayxart iddialı danışıb.
Xatırladaq ki, 2021-ci ilin aprelində Avropanın 12 yüksək səviyyəli klubu Avropa Super Liqasının yaradıldığını elan edib. O zaman bu layihə UEFA, futbol liqaları və azarkeşlər tərəfindən geniş şəkildə tənqid olunmuşdu. Bundan sonra demək olar ki, bütün qurucu klublar liqanı tərk etmişdilər. Yalnız “Real”, “Barselona” və “Yuventus” layihədə qalıblar.
“Real”ın rəhbəri Florentino Peres Avropa Super Liqasının çılğın tərəfdarıdır. O, hazırda yarışın təşkili və keçirilməsi üzrə tərtibatın lideridir. Peres hazırda Avropanın 60-a yaxın klubu ilə Super Liqa ideyası haqda müzakirələr aparır.


