“Roma” Avropa Super Liqasının yaradılmasını və sonradan ona qoşulması fikrini dəstəkləmədiyini rəsmən bəyan edib.
Arena.az İtaliya klubunun rəsmi saytına istinadən “canavarlar”ın müvafiq xüsusda fikirlərini diqqətinizə çatdırır:
“Avropa Ədalət Məhkəməsinin Super Liqa ilə bağlı bugünkü qərarından sonra “Roma” Avropa futbolunun dəyərləri və gələcəyi ilə bağlı mövqeyini bir daha təsdiqləyir. Klub heç bir şəkildə Super Liqa adlanan, milli liqaların əhəmiyyətinə və Avropa futbolunun əsaslarına qarşı qəbuledilməz hücum olan layihəni dəstəkləmir.
“Roma” hesab edir ki, Avropa futbolunun gələcək sağlamlığını yalnız UEFA və FIFA ilə sıx əməkdaşlıq şəraitində Avropa Klublar Assosiasiyası (ECA) vasitəsilə birgə əməkdaşlıq yolu ilə təmin etmək olar”.
Xatırladaq ki, daha əvvəl Avropa İttifaqının Ədalət Məhkəməsi UEFA və FIFA-nın Super Liqa ilə bağlı müəyyən etdiyi qaydaların azad rəqabət haqqında qanuna zidd olduğunu tanıyıb. Məhkəmə bu qurumların klubların başqa turnirlərdə çıxışının qarşısını almaq qadağasını qanunsuzluq qəbul edib.
Üç liqaya bölünəcək Super Liqada 64 klub iştirak edəcək. Bütün liqalarda yarışlar iki mərhələdə keçiriləcək – “liqa mərhələsi” və “pley-off mərhələsi”. Yeni turnirin ilkin olaraq 2025-ci ildə başlaması planlaşdırılır. Hazırda Super Liqada cəmi iki iştirakçı var – “Real” və “Barselona”. Bu iki İspaniya nəhəngi Super Liqa ideyasının əsas mənbəyidir.


