Super Liqanın rəhbəri Bernd Rayxart UEFA-nın himayəsində keçirilən beynəlxalq turnirlərin çatışmazlıqları haqda danışıb.
Arena.az məlumat verir ki, Avropa Super Liqasının təsisçisi “A22 Sports”un baş direktoru Rayxart bu barədə Super Liqanın təqdimat mərasimində açıqlama verib:
“Klublarla müzakirələrimizdə iki şeyi müəyyən etdik. Birincisi odur ki, komandalar Avropa səviyyəsində inanılmaz dərəcədə yaxşı çıxış edə bilərlər, amma eyni zamanda gələn il eyni turnirə vəsiqə qazanmaya bilərlər. Bu, düzgün deyil və idman ləyaqəti prinsiplərinə uyğun gəlmir. İkincisi, klublar futbolçular, infrastruktur qarşısında öhdəlik götürə bilmirlər, çünki onlar Avropadan gələn gəlirə arxalana bilmirlər. Buna görə də onlar bərabər rəqabət apara bilmirlər, çünki klublar arasında iqtisadi uçurum böyükdür”, deyə Bernd Rayxart vurğulayıb.


