UEFA prezidenti Aleksander Çeferin Avropa Məhkəməsinin Super Liqaya yaşıl işıq yandırması ilə ortaya çıxmış suallardan birini cavablayıb.
Arena.az məlumat verir ki, söhbət, qitənin ali futbol qurumunun Avropa Super Liqasına qoşulmağa razı olan klubların oyunçularına qarşıdan gələn 2024-cü il Avropa çempionatında iştiraka qadağa tətbiq edib-etməyəcəyindən gedir:
“Super Liqada çıxış edən futbolçuları AÇ-2024-dən kənarlaşdıracağıqmı? Mən bunu edəcəyimizi düşünmürəm. Bunu etmək istədiyimizə də əmin deyiləm”, – Çeferin UEFA-nın mətbuat konfransında bildirib.
Xatırladaq ki, dekabrın 21-də Avropa Məhkəməsi FIFA və UEFA-nın yeni turnirin keçirilməsini qadağan edən fəaliyyətlərini qanunsuz kimi tanıyıb.
İlkin olaraq Super Liqanın yaradılması layihəsinə Avropanın 12 yüksək səviyyəli klubu dəstək vermişdi. Amma sonradan Super Liqada yalnız bu fikrin təşəbbüskarı “Real” və qüvvətli dəstəçkisi “Barselona” qalıb, qalan klublar geri çəkiliblər. Avropa məhkəməsinin müvafiq qərarı ilə İspaniya komandaları Super Liqada iştirak edəcəkləri halda, Çempionlar Liqası, Avropa turnirləri və ya FIFA yarışlarından kənarlaşdırıla bilməzlər.
Üç liqaya bölünəcək Super Liqada 64 klub iştirak edəcək. Bütün liqalarda yarışlar iki mərhələdə keçiriləcək – “liqa mərhələsi” və “pley-off mərhələsi”. Yeni turnirin ilk mövsümünün 2025-ci ildə keçirilməsi nəzərdə tutulub.


