Faiq Qarayev yenidən Azərbaycan millisində – Rəsmi

Qadın voleybolçulardan ibarət Azərbaycan millisinin baş məşqçisi postuna yenidən təcrübəli mütəxəssis Faiq Qarayev təyin olunub.

Arena.az xəbər verir ki, bu gün Azərbaycan Voleybol Federasiyasının (AVF) 2023-cü ildəki fəaliyyətinə həsr olunmuş mətbuat konfransı və millimizin yeni baş məşqçisinin təqdimat mərasimi keçirilib.

Konfransda Azərbaycan Respublikasının gənclər və idman naziri Fərid Qayıbov, AVF-nin prezidenti Şahin Bağırov, vitse-prezidentlər Faiq Qarayev və Bəhruz Quliyev, baş katib Faiq Orucov, İdarə heyətinin üzvləri və media nümayəndələri iştirak ediblər.

İlk çıxış edən nazir Fərid Qayıbov hər kəsi salamlayıb, federasiyaya fəaliyyətində uğurlar arzulayıb.

Federasiya prezidenti Şahin Bağırov qadınlardan ibarət Azərbaycan yığmasının baş məşqçisi postuna Faiq Qarayevin təyin olunduğunu bildirib və ona millinin simvolik formasını təqdim edib. Çıxış edən Qarayev bu etimada görə, nazirlik və federasiya rəhbərliyinə təşəkkürünü bildirib.

Daha sonra AVF-nin baş katibi Faiq Orucov qurumun 2023-cü ildəki fəaliyyətinə dair hesabatı təqdim edib.

Ardından media nümayəndələrinin sualları cavablandırılıb.

Xatırladaq ki, Faiq Qarayev müxtəlif illərdə Azərbaycan millisini çalışdırıb və ölkəmizin bir çox tanınmış voleybolçusunu yetişdirib. Onun rəhbərliyi ilə komandamız bir sıra beynəlxalq yarışlarda iştirak edib və mühüm nailiyyətlər qazanıb. 64 yaşlı mütəxəssis bu postda bir müddət öncə istefaya göndərilmiş türkiyəli Ataman Güneyligili əvəzləyib.

Müxtəlif vaxtlarda yığmanın “sükanı arxasında” olan təcrübəli baş məşqçi sonuncu dəfə 2018-ci ildə Yaponiyada təşkil olunmuş dünya çempionatında komandaya rəhbərlik edib.

Yığmamızın köhnə-yeni baş məqşçisi hazırda həm AVF-nin vitse-prezidenti vəzifəsində çalışır, həm də Azərbaycan Milli Olimpiya Komitəsinin İcraiyyə Komitəsinin üzvüdür.

“Yığmanın baş məşqçisi olmaq hər kəsə nəsib olmur”

Qarayev yeni təyinatından sonra fikirlərini bölüşüb: “Mənim üçün xoş gündür. 2024-cü ildə voleybolda məşqçiliyimin 40 ili tamam olacaq. Prosesləri kənardan izləyə bilməzdim. Voleybol həmişə yüksəklərdə olub. Bu təklifi qəbul edərkən çox fikirləşdim. İşim çox çətindir. Bu işə gələrkən qarşıma bir məqsəd qoydum. Bu, tək mənim işim deyil. Əl-ələ verib bu idman növünü yüksəklərə qaldıra bilərik. Keçmişlə yaşaya bilmərik. Uğurlar olub. Yığmanın baş məşqçisi olmaq hər kəsə nəsib olmur. Şərəfli və məsuliyyətli işdir. Hesab edirəm ki, düzgün istiqamət götürsək, nailiyyətlər əldə edə bilərik”.

Təcrübəli mütəxəssis Azərbaycanda voleybolun uğurlarının Prezident İlham Əliyevin adı ilə bağlı olduğunu vurğulayıb: “2000-ci ilin əvvəlində Milli Olimpiya Komitəsinin prezidenti olanda bizə dəstək göstərdi. Həmin vaxt şəraitimizin yaxşılaşdırılmasına kömək etdi. Tənqidlər də olacaq. Bundan qorxmuram. Mənə dəstək göstərdiyiniz üçün hamınıza təşəkkür edirəm. Xalq və azarkeşlər bizdən qələbələr gözləyir. Məşqçi komanda düzəldən və kollektiv yaradan insandır. Bu işdə çalışacağam ki, nöqsanlar olmasın”.

Federasiya prezidenti Şahin Bağırov Qarayevin ən azı Avropa çempionatına qədər milliyə rəhbərlik edəcəyini bəyan edib. AVF rəhbəri 64 yaşlı mütəxəssisdən gözləntilərin böyük olduğunu vurğulayıb.

Qarayev isə maddi məsələlərin önəmli olmadığını deyib: “Voleybolda uğurlar qazanmaq istəyirik. Mənim işim iki aylıq olmalı deyil. Gərək ən azı bir il işləyək ki, nəsə edə bilək. 70 yaşınadək gözləməyəcəyik ki, nəticə verək. Azərbaycan vətəndaşı olan kubalı voleybolçular var. Güclü milli komanda yaratmalıyıq və aşağı yaş qruplarının inkişafı davam etməlidir”.

Xəbəri paylaş:
Bizi sosial şəbəkələrdə izləyin: