Portuqaliya yığmasının baş məşqçisi, ispan mütəxəssis Roberto Martines komandanın kapitanı Kristiano Ronaldo ilə söhbətindən danışıb.
Arena.az “Maisfutebol” dərgisinə istinadən, Martinesin bu barədə fikirlərini təqdim edir:
“Kristiano, əvvəllər heç kimin əldə etmədiyi, milli komandada 200 oyun fantastik göstəricisinə çox yaxın idi. Onunla üzbəüz söhbətimiz oldu, amma yenə də bir xüsusu sizinlə bölüşə bilərəm.
Mən ondan milli komandada 200 oyun oynamaqda maraqlı olub-olmadığını soruşdum, o, gülümsəmədən belə cavab verdi: “Məni 250 oyun maraqlandırır”, deyə ispan mütəxəssis məşhur ulduzdan sitat gətirib.
Kristiano Ronaldo 2023-cü ilin yanvarından “Əl-Nəsr”də çıxış edir. Cari mövsümdə portuqal hücumçu “Əl-Nəsr”in heyətində bütün yarışlarda 24 oyuna çıxıb, 23 qol vurub, 11 məhsuldar verib.
Kristiano hazırda kapitanı olduğu, 2003-cü ilin avqust ayının 20-də debüt etdiyi Portuqaliya yığmasının heyətində 205 oyun keçirib, 128 qol vurub və 46 məhsuldar ötürmə verib.
Ronaldonun yığma komandanın heyətindəki oyun və qol sayı mütləq dünya rekordudur. Ulduz futbolçu Portuqaliya yığmasının heyətində Avropa çempionatının (2016), UEFA Millətlər Liqasının (2019) qalibi, həmçinin Avropa çempionatını gümüş (2004) və bürünc (2012), FIFA Konfederasiyalar Kubokunun (2017) bürünc mükafatçısı olub.
“Transfermarkt” internet-portalı 38 yaşlı veteran hücumçunun transfer dəyərini 15 milyon avro məbləğində qiymətləndirir.
Vurğulayaq ki, Ronaldo Səudiyyə Ərəbistanı Peşəkar Liqasının cari mövsümünün ən sərrast futbolçusudur – 19 qol. Həmçinin portuqal hücumçunun hesabında 9 məhsuldar ötürmə var.
Ulduz futbolçu 2023 təqvim ilində 53 qolla ən sərrast futbolçuların siyahısında liderdir.


