Xavi baş hakimin anasını söydü, jurnalisti acıladı

“Barselona”nın baş məşqçisi Xavi “blauqrana”nın La Liqanın 19-cu turunda “Las-Palmas” səfərində öz hisslərinə nəzarətini itirib.

Arena.az xəbər verir ki, “Barselona”nın qələbəni (2:1) oyunun əsas vaxtına əlavə edilmiş təzminat dəqiqələrində (90+3) penaltidən vurduğu qolla qoparmasına rəğmən, baş məşqçi bütün oyun boyu əsəb gərginliyi içində olub.

Oyunun 23-cü dəqiqəsində rəqib oyunçunun “Barselona”nın sağ cinah müdafiəçisi Serxi Robertoya qarşı kobudluğu müqabilində hakimin bu məqamı gözdən qaçırmasından narazı qalmış ispan mütəxəssis şikayətlərini ədalət təmsilçisinə bildirib. Bunun müqabilində Xavinin özünün sarı vərəqə ilə cəzalandırılması, mütəxəssisi cin atına mindirib.

Xavi səsini başına ataraq hakimi anasını kobud surətdə söyərək təhqir edib. Vurğulanır ki, oyun zamanı bu söyüşlər hakim qulağına çatmadığı üçün baş məşqçi qırmızı vərəqə alaraq qovulmaqdan canını qurtarıb.

Buna rəğmən, Xavinin “tərbiyəsini” nümayiş etdirdiyi məqam oyunun intizam hesabatına qeyd edilib. Güman ki, Xaviyə bunun üçün “çox sağ ol” deməyəcəklər, mütəxəssisi intizam cəzası gözləyir.

Oyunda daha bir maraqlı məqam Xavinin 72-ci dəqiqədə polyak mərkəz hücumçusu Robert Levandovskini portuqal sol vinger Joao Felikslə əvəzləməsi olub. Son vaxtlar Levandovskinin məhsuldarlığının azalması və oyun keyfiyyətinin düşməsi mənzərəsində hücumçunun transferə çıxarıla biləcəyi deyilir:

“Levandovski əvəzləndi, çünki bu gün bizim Vitor Roke və ya Ferran Torres kimi müdafiə arxasında oynaya biləcək hücumçulara ehtiyacımız vardı”, deyə Xavi müvafiq əvəzləmə haqda sualı cavablayıb.

Oyunsonrası mətbuat konfransında hirsi soyumamış Xavi digər bir sual qarşılığında jurnalisti acılayıb. Oyun ərəfəsində “Barselona”nın lider “Real”dan 10 xal geridə olması və bu vəziyyətə dair Xavinin fikirlərində maraqlı olan jurnalistə baş məşqçi belə cavab verib:

“Real”dan 10 xal geri qalırdıq? Siz mənim haqqımda həmişə mənfi fərziyyələr ünvanlayırsınız. Siz bunu başqa məşqçilərlə etmirsiniz. Biz qalib gəldik və belə bir gerilik yoxdur, ona görə də bu barədə danışmaq yersizdir, elə deyilmi?”, ispan məşqçi hiddətlə bildirib.

“Barselona” 19 turdan sonra 41 xalla La Liqanın turnir cədvəlinin 3-cü pilləsində qərarlaşıb. “Real” və “Jirona” 48 xalla müvafiq olaraq 1-ci və 2-ci yerləri bölüşürlər.

Xəbəri paylaş:
Bizi sosial şəbəkələrdə izləyin: