“Nottingem Forest”də icarədə olan “Çelsi”nin braziliyalı dayaq yarımmüdafiəçisi Andrey Santos yenidən London klubuna qaydıb.
Arena.az bu barədə London klubunun rəsmi saytına istinadən xəbər verir.
“Sağsağanlar” Andrey Santosu bu mövsümün əvvəlində bir illik icarəyə götürsələr də, o, bu komandada çox forma şansı qazanmayıb. “Nottingem Forest”də mövsümün geridə qalmış hissəsində cəmi 2 oyuna çıxmış futbolçu heç nə ilə yadda qalmayıb. Bu isə “Çelsi”ni qane etmədiyindən onu vaxtından əvvəl geri qaytarmağa qərar verib.
Xatırladaq ki, Andrey Santos “Çelsi”yə 2023-cü ilin yanvarında, qış transfer pəncərəsi zamanı “Vasko da Qama”dan 12,5 milyon avro qarşılığında keçib. Santosun “zadəganlar”la müqaviləsi 2030-cu il iyunun sonuna qədər qüvvədədir. Cari ilin yay transfer pəncərəsi zamanı, avqustda Santos “Nottingem Forest”ə icarəyə verilmişdi. İcarə müddəti 2024-cü ilin may ayının sonunda başa çatacaqdı.
Santos 2023-cü ilin martında Braziliya millisinin heyətində debüt edib, 65 dəqiqə meydanda olub.
“Transfermarkt” internet-portalı 19 yaşlı Andrey Santosu 14 milyon avro məbləğində qiymətləndirir.
“Çelsi” digər gənc yarımmüdafiəçisi Aleks Matosu isə “Haddersfild Taun”a icarəyə verib. 19 yaşlı futbolçu bu mövsümün sonuna kimi icarədə olacaq.
Yeri gəlmişkən, “Çelsi” zədəli futbolçularının durumu barədə də məlumat yayıb. Xəbərdə bildirilir ki, zədələrini sağaldan Ben Çiluell və Karni Çukvuemeka komanda ilə məşqlərə başlayıblar və qarşıdakı oyunlarda “zadəganlar”a kömək edə biləcəklər. Əvəzində Benua Badiaşil, Trevo Çaloba, Mark Kukurelya, Uesli Fofana, Ris Ceyms, Romeo Lavia, Robert Sançes və Lesli Uqoçukvu bərpa və reabilitasiya proqramı keçir.


