“Bayern” qış transfer planlarını açıqladı

“Bayern”in idman direktoru Kristof Froynd və komandanın baş məşqçi Tomas Tuxel qış transfer pəncərəsinə planlarını açıqlayıblar.

Arena.az bu barədə DAZN portalına istinadən məlumat verir.

Kristof Froynd Münhen klubunun ötən yay hücumçu Harri Keynə xərclədiyi qədər vəsaiti yaxın gələcəkdə transferlərə xərcləməyin mümkünlüyü haqda sualı belə cavablayıb:

“Düşünürəm ki, Harri Keyn hər qəpiyə dəyər olduğunu sübut etdi. Hər şey uzlaşsa, hər kəs transferin komandaya çox şey verəcəyinə əmin olsa, o zaman bu miqyasda alış-verişlərin təkrar-təkrar təkrarlanması tamamilə mümkündür. Ancaq transferlər özünü doğrultmasa, mütləq tənqid ediləcəyik”, deyə Froynd bildirib.

Komandanın baş məşqçisi Tomas Tuxel isə klubun qış transfer pəncərəsinə planlarını belə təsəvvür edir:

“İmzaların yanvarın 2-dən əvvəl tamamlanmasını istəyirdik, amma fəsad görmürük. Biz sakitik, şəxsən mən də sakitəm, çünki qışda transferlərin necə çətin olduğunu bilirəm. Çempionlar Liqasında çıxış edən əksər ciddi klubun öz məqsədləri var. Güclü olmağımıza kömək edəcək birini axtarırıq”, deyə alman mütəxəssis bildirib.

Xatırladaq ki, “Bayern” mübarizə apardığı üç cəbhədən birində artıq büdrəyib. Münhenlilər Almaniya Kubokunda “Saarbrükken”ə səfərdə 1:2 hesabı ilə məğlub olaraq, mübarizəni dayandırıblar. Bundesliqada və Çempionlar Liqasında isə komanda iddiasını sürdürməkdə davam edir. Almaniya nəhəngi Bundesliqada 15 oyundan 38 xal toplayıb və çempionatın lideri, 16 oyundan 42 xal toplamış “Bayer”i təqib etməkdə davam edir. Çempionlar Liqasında isə “Bayern” qrup mərhələsini qrup qalibi olaraq adlayıb və ələmə mərhələsində “Latsio” ilə qarşılaşacaq.

Xəbəri paylaş:
Bizi sosial şəbəkələrdə izləyin: