Fernando Santos “Beşiktaş”la rəsmi müqaviləyə imza atdı

Portuqaliyadan olan təcrübəli futbol mütəxəssisi Fernando Santos Türkiyənin “Beşiktaş” klubu ilə rəsmi müqaviləyə imza atıb.

Arena.az bu barədə İstanbul təmsilçisinin rəsmi saytına istinadən məlumat verir.

69 yaşlı mütəxəssislə müqavilənin müddəti 2025-ci ilin 30 iyununa qədər nəzərdə tutulub. Bununla da Santosun “Beşiktaş”ın baş məşqçi postuna təyinatı tam rəsmiləşib. O, bu gecə Super Liqanın 16-cı turu çərçivəsində keçirilmiş “Rizəspor”la səfər oyununu (4:0) tribunadan izləyib. Qarşıdakı günlərdə isə o, komandaya özü rəhbərlik edəcək.

Xatırladaq ki, Fernando Santosun sonuncu iş yeri Polşa yığma komandası olub. O, Polşa yığmasını 2023-cü ilin yanvarında qəbul etmiş və sentyabra istefaya göndərilmişdi. Onun rəhbərliyi altında Polşa yığması Avropa Çempionatının seçmə mərhələsində 2 qələbə qazanıb və 3 məğlubiyyət alıb.

Fernando Santos Polşa millisindən öncə Portuqaliya yığmasını uğurla çalışdırıb və AÇ-2016-da, UEFA Millətlər Liqası 2019-da çempionluğu bayram edib, həmçinin 2017 Konfederasiyalar Kubokunda bürünc medal qazanıb. Təcrübəli mütəxəssis Polşa yığmasına böyük ümidlərlə gətirilsə də, gözlənilən nəticəni qazana bilməyib.

Fernando Santos daha öncə Yunanıstan yığmasının da baş məşqçisi olub. O, həmçinin “Eştoril”, “Estrela da Amadora”, “Portu”, AEK, “Panatinaikos”, “Sportinq”, “Benfika”, PAOK kimi klublarda işləyib.

“Beşiktaş”ı son olaraq Rıza Çalımbay çalışdırıb. O, ötən ayın sonunda istefaya göndərilmişdi. Çalımbaya qədər “qara qartallar” bu mövsüm Şenol Günəş və Burak Yılmazla da yollarını ayırmışdı. Cari mövsümdə kifayət qədər uğursuz çıxışı ilə diqqət mərkəzində olan bu komandanı Fernando Santosun necə böhrandan çıxaracağı maraqla gözlənilir.

“Beşiktaş” Türkiyə Super Liqasının cari mövsümündə keçirdiyi 19 oyunda 10 qələbə qazanıb, 2 heç-heçə edib və 7 məğlubiyyətə üzülüb. Komanda 32 xalla 4-cü pillədə qərarlaşıb.

Xəbəri paylaş:
Bizi sosial şəbəkələrdə izləyin: