Leonardo Bonuççi rəsmən “Fənərbaxça”da!

“Union Berlin”in italyan mərkəz müdafiəçisi Leonardo Bonuççi bundan sonra “Fənərbaxça”nın uğurları üçün çalışacaq.

Arena.az bu barədə Türkiyə klubunun rəsmi saytına istinadən xəbər verir.

36 yaşlı futbolçu yeni klubu ilə yarım mövsümlük anlaşıb. Belə ki, tərəflər arasındakı müqavilə bu ilin 30 iyununa qədər qüvvədə olacaq.

Bonuççi 2023-cü ilin yay transfer pəncərəsində “Yuventus” rəhbərliyi və məşqçilər qərargahı ilə fikir ayrılığı səbəbilə “qoca sinyora”dan ayrılmış və azad agent qismində “Union Berlin”ə keçmişdi. Tərəflər arasına 1 illik – müddəti 2024-cü ilin iyun ayının sonuna qədər nəzərdə tutulmuş müqavilə imzalanmışdı. Lakin o, Almaniya klubunun məşqçilər korpusu ilə problemlər səbəbindən Bundesliqa təmsilçisini erkən tərk etməyə qərar verib.

Cari mövsümdə Bonuççi “dəmir ittifaq”ın heyətində 10 oyuna çıxıb, 1 qol vurub.

Bonuççinin karyerası İtaliya klublarında keçib. Müdafiəçinin futbolda yüksəlişi “Yuventus”un adı ilə bağlıdır. 2010-cı ildə “qoca sinyora”ya qoşulmuş Bonuççi 2017/2018 mövsümünü keçdiyi “Milan”da oynayaraq, yenidən Turin klubuna qayıdıb. Onun “Yuventus”dakı ümumi statistikası belədir: 502 oyun, 37 qol, 10 məhsuldar ötürmə.

Leonardo Bonuççi İtaliya yığmasının heyətində 2010-cu ilin mart ayında debüt edib və millidə 121 oyun keçirib, 8 qol vurub, 7 məhsuldar ötürmə verib. Bonuççu “skuadra adzurra” ilə 2021-ci ildə keçirilmiş Avropa çempionatının qalibi olub.

“Union Berlin” Bonuççini onunla əvəzlədi

Bonuççi ilə yollarını ayıran “Union Berlin” onun əvəzində “Hoffenhaym”ın mərkəz müdafiəçisi Kevin Foqtu heyətinə qatıb. Lakin bu transferin və tərəflər arasındakı müqavilənin detalları, müddəti açıqlanmayıb.

Kevin Foqt 2016-cı ildən “Hoffenhaym”da çıxış edirdi. 32 yaşlı alman müdafiəçi bu komandada 226 oyun keçirib və 4 məhsuldar ötürmə ilə yadda qalıb. O, “Auqsburq”, “Köln”, “Bohum” və “Verder” kimi klublarda da oynayıb. Foqt Almaniyanın aşağı yaş qrupları üzrə müxtəlif yığmalarında oynasa da, əsas millidə debüt şansı qazanmayıb.

“Union Berlin” yarımmüdafiəçiləri Alyoşa Kemlayn və Keita Endonu da icarəyə verib. Alyoşa “Sankt Pauli”yə, Keita isə “Tokio” klubuna keçib. Onların hər ikisi bu mövsümün sonuna kimi icarədə olacaq.

Alyoşa Kemlayn “Union Berlin”in öz yetirməsidir. 19 yaşlı dayaq yarımmüdafiəçisi klubun əsas komandasında 3 oyun keçirib. Hazırda Almaniyanın U-20 yığmasına dəvət alan futbolçu U-18 və U-19-da da forma geyinib.

Keita Endo isə 2021-ci ilin yayından “Union Berlin”də çıxış edir. Yaponiyadan olan 26 yaşlı futbolçu Bundesliqa klubunda cəmi 21 oyuna çıxıb və 1 qol vurub. O, “Yokohama” və “Ayntraxt” (Braunşveyq) klublarında da oynayıb, Yaponiya millisində 2 oyun keçirib.

Xəbəri sosial şəbəkələrdə paylaş: