Junior Messias “Milan”dan birdəfəlik ayrıldı

Braziliyalı hücumçu Junior Messias “Milan”dan birdəfəlik ayrılaraq İtaliya A Seriyasının digər təmsilçisi “Cenoa”ya keçib.

Arena.az xəbər verir ki, bu barədə sözügedən klublar rəsmi saytları vasitəsilə məlumat yayıblar.

Genuya klubu 32 yaşlı forvardın transferi üçün 1,5 milyon avro ödəyib. Onunla müddəti 2026-cı ilin 30 iyununa qədər nəzərdə tutulmuş müqavilə imzalanıb.

Xatırladaq ki, “Cenoa” Messiası bu mövsümün əvvəlində 1 illik icarəyə götürmüşdü. O, cari mövsümdə bu komandanın heyətində cəmi 9 oyuna çıxıb və 1 qola imza atıb.

Braziliyalı futbolçu 2021-ci ilin avqust ayından “Milan”ın uğurları üçün çalışırdı. O, bu komandada 68 oyuna çıxıb, 15 qol vurub və 12 məhsuldar ötürmə edib. Junior Messias “Milan”dan başqa “Krotone”, “Qossano”, “Kyeri”, “Kazale” kimi klublarda da forma geyinib.

“Cenoa” “Salernitana”nın mərkəz yarımmüdafiəçisi Emil Bohineni də heyətinə qatıb. Genuya klubu 24 yaşlı futbolçunu bu mövsümün sonuna kimi satınalma şərti ilə icarəyə götürüb.

Emil Bohinen 2022-ci ilin yanvarından “Salernitana”da çıxış edir. O, bu komandanın heyətində 49 oyuna çıxıb, 1 məhsuldar ötürmə ilə yadda qalıb. Norveçli yarımmüdafiəçi karyerası ərzində “Stabek” və ÇSKA (Moskva) klularında da forma geyinib. U-21 də daxil olmaqla Norveçin müxtəlif yığmalarında oynamış futbolçu əsas millidə debüt şansı qazanmayıb.

“Cenoa” öz yarımmüdafiəçisi Filip Yaqellonu da “Spetsiya”ya icarəyə verib. Polşadan olan 26 yaşlı futbolçu bu mövsümün sonuna kimi icarədə olacaq. Onun Genuya klubu ilə 2025-ci ilin 30 iyununa kimi müqaviləsi var. Polşalı yarımmüdafiəçi 2019-cu ilin yanvarından formasını geyindiyi “Cenoa”da 51 oyuna çıxıb, 4 qol vurub, 5 məhsuldar ötürmə müəllifi olub. O, “Zaqlembe”, “Breşiya” kimi klublarda da forma geyinib.

Xəbəri sosial şəbəkələrdə paylaş: