Bundesliqa təmsilçisi Bremen “Verder”i azarkeşlərinin davranışı müqabilində böyük məbləğdə cərimə ödəməli olacaq.
Arena.az “Sport.de” dərgisinə istinadən məlumat verir ki, Alman Futbol İttifaqının (DFB) idman məhkəməsi Bundesliqanın 8-ci turu çərçivəsində Dortmund “Borussiya”sı ilə oyunda (1:0) Bremen azarkeşlərinin davranışına görə “Verder”i 94 min avro məbləğində cərimələyib.
Xatırladaq ki, “Borussiya” ilə oyunun fasiləsində “Verder” azarkeşləri 40-a yaxın alov məşəli yandırıblar. Bu səbəbdən ikinci hissənin başlanması gecikib. Həmçinin “musiqiçilər” ikinci hissədə daha 25-ə yaxın pirotexniki vasitə alovlandırıblar.
Xatırladaq ki, Almaniya Bundesliqasının 17 turundan sonra “Verder” 17 xal toplayıb və hazırda turnir cədvəlinin 13-cü pilləsində qərarlaşıb.
Bundesliqanın növbəti turunda Bremen “Verder”i səfərdə “Bayern”lə qarşılaşacaq. Oyun yanvarın 21-də Bakı vaxtı ilə saat 18:30-da başlayacaq.


