Kerem Atakan Kesgin “Sivasspor”da

“Beşiktaş”ın yarımmüdafiəçisi Kerem Atakan Kesgin bu mövsümün əvvəlində icarəyə verildiyi “Fatih Karagümrük”dən ayrılıb.

Arena.az xəbər verir ki, bu barədə Super Liqa təmsilçisinin mətbuat xidməti məlumat yayıb.

23 yaşlı futbolçu bu mövsümün sonuna kimi icarəyə verilmişdi. Lakin tərəflər bu müqaviləyə vaxtından öncə xitam veriblər. Buna onun İstanbul təmsilçisində az forma şansı qazanması səbəb göstərilir. Belə ki, o, “Fatih Karagümrük”ün heyətində cəmi 6 oyuna çıxıb və məhsuldar fəaliyyəti ilə diqqət çəkməyib.

“Bucaspor”un yetirməsi olan, “Göztəpə” və “Sivasspor”da da oynamış Kerem Atakan Kesgin 2022-ci ilin avqustundan “Beşiktaş”da forma geyinir. O, bu komandada cəmi 8 oyuna çıxıb. Yarımmüdafiəçi Türkiyənin aşağı yaş qrupları üzrə yığmalarında da forma geyinib.

Artıq yarımmüdafiəçinin yeni iş yeri də məlumdur. Belə ki, “Beşiktaş” onu Super Liqanın digər təmsilçisi “Sivasspor”a icarəyə verib. O, bu mövsümün sonuna qədər Sivas klubunun uğurları üçün çalışacaq. Keremin “Beşiktaş”la 2027-ci ilin 30 iyununa kimi müqaviləsi var.

Xəbəri paylaş:
Bizi sosial şəbəkələrdə izləyin: