Bremen “Verder”indən azad agent qismində ayrılan alman dayaq yarımmüdafiəçisi Nikolay Rapp “Karlsrue”yə keçib.
Arena.az bu barədə “Karlsrue”nin mətbuat xidmətinə istinadən məlumat verir.
“Karlsrue” futbolçunun müqavilə müddəti haqda məlumatı açıqlamayıb.
Nikolay Rapp “Freya Limbax” klubunda futbola qədəm qoyub. Buradan “Hoffenhaym”a keçərək, böyük futbola gəlib. Rapp karyerası ərzində “Qroyter Fürt”, “Ersgebirge”, Berlin “Union”u, “Darmştadt”, Bremen “Verder”i və “Kayzerslautern”də oynayıb.
Cari mövsümün ilk yarısında Rapp “Verder”in heyətində 3 oyun keçirib, məhsuldar fəaliyyəti ilə diqqət çəkməyib.
Rapp Almaniyanın U-16 və U-18 yığmalarına cəlb edilib, əsas yığmaya isə hələ dəvət almayıb.
“Transfermarkt” internet-portalı 27 yaşlı alman dayaq yarımmüdafiəçisinin transfer dəyərini 700 min avro məbləğində qiymətləndirir.


