Adrian Mutu rəsmən Rumıniya klubunda!

Ötən ilin sonunda Azərbaycanın “Neftçi” klubundan istefaya göndərilən rumıniyalı mütəxəssis Adrian Mutu özünə yeni iş yeri tapıb.

Arena.az xəbər verir ki, 45 yaşlı məşqçi ölkəsinin ÇFR (Kluj) komandasına baş məşqçi təyin edilib.

Bu barədə yüksək liqa təmsilçisinin rəsmi saytı məlumat yayıb. Tərəflər arasında imzalanmış müqavilənin müddəti və digər detalları açıqlanmayıb.

ÇFR hazırda 36 xalla Rumıniya çempionatının turnir cədvəlinin 2-ci pilləsində qərarlaşıb. Bu komanda lider “Styaua”dan 11 xal geri qalır. Kluj təmsilçisi keçirdiyi 22 oyunda 10 qələbə qazanıb, 6 heç-heçə edib, bir o qədər də məğlubiyyətə üzülüb.

Xatırladaq ki, Adrian Mutu 2023-cü ilin iyul ayında “Neftçi” ilə 2 illik müqavilə bağlamışdı. Rumıniya tarixinin ən yaxşı futbolçularından biri olan Mutu ölkəsində bir neçə klubla yanaşı, İtaliyada “İnter”, “Verona”, “Parma”, “Yuventus”, “Fiorentina”, “Çezena”, İngiltərədə “Çelsi”, Fransada “Ayaçço” və Hindistanda “Puna Siti” klublarının formasını geyinib. O, Rumıniya milli komandasının heyətində 77 oyun keçirib, 35 qol vurub.

Mutu 2003, 2005, 2007 və 2008-ci illərdə Rumıniyada, 2007-ci ildə isə İtaliyada ilin futbolçusu seçilib.

“Neftçi”dən öncə Mutu “Voluntari” (Rumıniya, 2018), “Əl-Vəhdə” U-21 (BƏƏ, 2018-2019), Rumıniya U-21 milli komandası (2020-2021), “Universitatya” (Krayova, Rumıniya, 2021) və “Rapid”in (Buxarest, Rumıniya, 2022-2023) də baş məşqçisi olmuşdu. UEFA-nın PRO kateqoriyalı məşqçilik lisenziyasına malik mütəxəssis “Rapid”dən məhz “Neftçi”yə görə ayrılmışdı.

“Neftçi” Mutunun rəhbərliyi altında bütövlükdə 22 oyun keçirib. Komanda bu oyunlarda 9 qələbə qazanıb, 5 heç-heçə edib və 8 məğlubiyyətə üzülüb.

Xəbəri sosial şəbəkələrdə paylaş: