Calel Kadri Tunis millisindən getdi

Futbol üzrə Tunis milli komandasının baş məşqçisi Calel Kadri Afrika Millətlər Kubokundakı uğursuzluğa görə istefa verib.

Arena.az xəbər verir ki, bu barədə Tunis Futbol Federasiyasının rəsmi saytı məlumat yayıb.

52 yaşlı mütəxəssis qitə birinciliyindəki uğursuzluğa görə bütün məsuliyyəti üzərinə götürərək, istefa qərarını açıqlayıb. O, yığmadakı missiyasının başa çatdığını söyləyib. Federasiya rəhbərliyi onun istefasını qəbul edib.

Xatırladaq ki, Tunis millisi E qrupunu 2 xalla sonuncu pillədə başa vurub. İlk turda Namibiyaya 0:1 hesabıyla uduzmuş tunislilər Mali (1:1) və Cənubi Afrika (0:0) ilə heç-heçəyə razılaşıblar ki, bu da qrup sonunculuğuna gətirib çıxarıb.

Calel Kadri 2022-ci ilin yanvar ayından Tunis yığmasına rəhbərlik edirdi. Komanda onun rəhbərliyi altında 2022-ci ildə Qətərdə keçirilmiş dünya çempionatında da iştirak edib. Kadri millini bütövlükdə 27 oyuna çıxarıb. Bu görüşlərdə 14 qələbə, 7 heç-heçə və 6 məğlubiyyət qeydə alınıb.

Xəbəri paylaş:
Bizi sosial şəbəkələrdə izləyin: