Serbiyanın U-21 yığmasının və “İMT Belqrad” klubunun mərkəz hücumçusu Miloş Lukoviç Fransa “Strasburq”una transfer olub.
Arena.az xəbər verir ki, bu barədə Liqa 1 təmsilçisi rəsmi saytı vasitəsilə məlumat yayıb.
“Strasburq” bu transfer üçün Serbiya klubuna 4,7 milyon avro ödəyib. 18 yaşlı futbolçu ilə müqavilə 2028-ci ilin 30 iyununa qədər nəzərdə tutulub. Lakin Lukoviç Fransa klubuna yayda qoşulacaq. O, mövsümün sonuna kimi icarə əsasında “İMT Belqrad” klubunda çıxış etməyə davam edəcək.
Miloş Lukoviç “İMT Belqrad”ın öz yetirməsidir. Serbiyalı forvard 2022-ci ildən bu klubun əsas komandasında forma geyinir. O, indiyə qədər klubun əsas komandasında 70 oyuna çıxıb, 31 qol vurub, 5 məhsuldar ötürmə müəllifi olub.
Daha öncə Serbiyanın U-19 yığmasında oynamış Lukoviç, 2023-cü ildən U-21-də çıxış edir.
“Strasburq” daha bir oyunçusunu – ukraynalı sol cinah müdafiəçisi Eduard Sobolu da icarəyə verib. O, Belçikanın “Genk” klubuna keçib. 28 yaşlı futbolçu mövsümün sonuna kimi icarədə olacaq. Sobolun müqaviləsində satınalma ilə də bağlı şərt nəzərdə tutulub.
Eduard Sobol “Strasburq”a 2023-cü ilin yanvarında Belçikanın “Brügge” klubundan 2,5 milyon avroya keçmişdi. O, Liqa 1 təmsilçisinin heyətində 19 oyuna çıxıb və 1 məhsuldar ötürmə ilə yadda qalıb.
Ukraynalı futbolçu daha öncə “Brügge”, “Slaviya” (Praqa), “Zarya”, “Yablonets”, “Metallurq” (Zaporojye), “Metallist”, “Şaxtyor” (Donetsk), “Metallurq” (Donetsk) kimi klublarda da forma geyinib. Təcrübəli müdafiəçi Ukrayna yığmasında da 29 oyun keçirib.
“Strasburq” daha bir sol cinah müdafiəçisi – Maksim Bastianla da yollarını ayırıb. O, azad agent kimi “Soşo”ya keçib.
22 yaşlı Bastian “Strasburq”un öz yetirməsidir. O, icarə əsasında “Annesi” klubunun da formasını geyinib.



