“Milan”ın baş məşqçisi Stefano Pioli İtaliya A Seriyasının 22-ci turunda “Bolonya” ilə oyun (2:2) haqda fikirləni paylaşıb.
Arena.az “Sky Sport Italia” dərgisinə istinadən, italyan mütəxəssisin müvafiq xüsusda fikirlərini təqdim edir:
“Oyunu qazana bilmədiyimiz üçün stadionu təəssüflə tərk edirik. Düzdür, iki penalti qaçırdıq, amma ümumilikdə çoxlu imkanlarımız oldu. “Bolonya”ya da bir neçə imkandan istifadə etməyə imkan verdik, amma yenə də irəli çıxa bildik.
Oyunun sonunda müdafiədə diqqəti və tezliyi itirməyə imkan verə bilmərik. Təəssüf ki, bu cür oldu, çünki biz çox mübarizə apardıq. İşlərin necə getdiyini nəzərə alsaq, bu gün vacib qələbə qazana bilərdik”, deyə Stefano Pioli bildirib.
Xatırladaq ki, bu oyunda “Milan” 2 penaltini boşa verib. Əvvəlcə, 42-ci dəqiqədə “rossoneri”nin fransalı mərkəz hücumçusu Olivye Jiru penaltini qola çevirə bilməyib, Ardınca isə 74-cü dəqiqədə “Milan”ın fransalı sol cinah müdafiəçisi Teo Ernandes penaltinin icrasında uğursuzluq yaşayıb.
Bu oyunda qonaqlar da penalti vurmaq hüququ qazanıblar. “Bolonya”nın italyan sağ vingeri Rikkardo Orsolini oyuna əlavə edilmiş təzminat vaxtında (90+2-ci dəqiqə) penaltini dəqiq yerinə yetirməklə, oyunda tarazlığı bərpa edib – 2:2. Oyun elə, bu hesabla da başa çatıb.
Çempionluq mübarizəsində qiymətli xallar itirmiş “Milan” 22 turdan sonra 46 xalla A Seriyasının turnir cədvəlində 3-cü pillədə qərarlaşıb. “Bolonya” isə 21 oyundan 33 xalla 7-ci pillədədir. A Seriyasına 22 oyundan 53 xal toplamış “Yuventus” müvəqqəti başçılıq edir. 20 oyundan 51 xal toplamış “İnter” 2-ci pillədə potensial lider statusundadır.


