“Arsenal”ın qapıçısı Runar Aleks Runarsson İngiltərə klubundan birdəfəlik ayrılıb və azad agent qismində “Kopenhagen”ə keçib.
Arena.az bu barədə Danimarka klubunun mətbuat xidmətinə istinadən məlumat verir.
Danimarka nəhəngi island qapıçı ilə müddəti 2027-ci ilin iyun ayının sonuna qədər qüvvədə olacaq müqavilə imzalayıb.
Runar Aleks Runarsson “Reykyavik” klubunun yetirməsidir. O, karyerası ərzində “Nordsyelland”, “Dijon”, “Aud-Heverle Löven”, “Arsenal”, “Alanyaspor” və “Kardiff Siti” klublarında çıxış edib.
Cari mövsümün ilk yarısında Runarsson “Kardiff Siti”nin heyətində 8 oyuna çıxıb, 28 qol buraxıb, 2 oyunda qapısının toxunulmazlığını təmin edə bilib.
Runarssonun qənimətlər muzeyində 2012/2013 mövsümündə “Reykyavik”lə qazandığı İslandiya çempionluğu var.
Runar Aleks Runarsson 2017-ci ilin noyabrında debüt etdiyi İslandiya yığmasının heyətində 27 oyun keçirib. O, bu oyunlarda 42 qol buraxıb, 5 oyunda qapısının toxunulmazlığınıı təmin edə bilib.
“Transfermarkt” internet-portalı 28 yaşlı island qapıçının transfer dəyərini 800 min avro məbləğində qiymətləndirir.



