Fransanın “Brest” klubunun mərakeşli mərkəz müdafiəçisi Əşrəf Dari Belçika çempionatında mübarizə aparan “Şarlerua”ya keçib.
Arena.az bu barədə Belçika klubunun mətbuat xidmətinə istinadən məlumat verir.
“Şarlerua” Əşrəfi icarə müqaviləsi əsasında komandanın düşərgəsinə cəlb edib. İcarə müqaviləsi cari ilin iyun ayının sonuna qədər razılaşdırılıb.
Əşrəf Dari “Vidad” klubunun yetirməsidir. O elə, “Vidad”dan “Brest”ə transfer edilib.
Cari mövsümün ilk yarısında Dari “Brest”in heyətində bütün yarışlarda 4 oyuna çıxıb, məhsuldar fəaliyyəti ilə diqqət çəkməyib.
Əşrəf Darinin qənimətlər muzeyində “Vidad”la qazandığı üçqat Mərakeş çempionluğu (2018/2019, 2020/2021 və 2021/2022) və Afrika Çempioinlar Liqası (2021/2022) var.
Dari 2021-ci ilin dekabrında debüt etdiyi Mərakeş yığmasının heyətində 7 oyun keçirib, 1 qol vurub.
“Transfermarkt” internet-portalı 24 yaşlı mərakeşli mərkəz müdafiəçisinin transfer dəyərini 1,5 milyon avro məbləğində qiymətləndirir.
“Brest” də “Monako”nun sol cinah müdafiəçisi Antonin Kartilyeni icarə əsasında heyətinə qatıb. 19 yaşlı fransız futbolçu bu mövsümün sonuna kimi icarədə olacaq. Müqavilədə satınalmaya dair şərt nəzərdə tutulmayıb. Müdafiəçi yeni komandasında 18 nömrəli formanı geyinəcək.
Antonin Kartilye “Monako”nun yetirməsidir. O, bu klubun əsas komandasında cəmi 2 matça çıxıb.


