Armando Broya və Andrey Santos yenə “Çelsi”dən ayrı düşdülər

İngiltərənin “Çelsi” klubu gənc futbolçuları – yarımmüdafiəçi Andrey Santos və hücumçu Armando Broyanı yenidən icarəyə göndərib.

Arena.az xəbər verir ki, Santos Fransanın “Strasburq”, Broya isə İngiltərənin “Fulhem” klubuna keçib.

Onların hər ikisi bu mövsümün sonunadək icarədə olacaq. Müqavilədə satınalmaya dair şərt nəzərdə tutulmayıb.

Armando Broya “Çelsi”nin öz yetirməsi hesab olunur. 22 yaşlı alban hücumçu London klubunun əsas komandasında 38 oyun keçirib, 3 qol və 3 məhsuldar ötürmə müəllifi olub. O, daha öncə icarə əsasında “Sauthempton” və “Vitess”də də çıxış edib. Daha öncə Albaniyanın U-19 və U-21 yığmalarında oynamış Broya, 2020-ci ildən bu ölkənin əsas millisində çıxış edir. O, yığmada 17 oyuna 4 qol vurub.

Andrey Santos isə Braziliyanın “Vasko da Qama” klubunun yetirməsidir. O, “Çelsi”yə 2023-cü ildə 12,5 milyon avro qarşılığında transfer olunub. 19 yaşlı dayaq yarımmüdafiəçisi hələ London klubunun əsas komandasında debüt şansı qazanmayıb. “Çelsi” Santosu bu mövsümün ilk dövrəsində “Nottingem Forest”ə icarəyə vermişdi. Amma braziliyalı futbolçu bu komandada cəmi 2 matça çıxdığı üçün, “zadəganlar” onu vaxtından əvvəl geri qaytarmağa məcbur olmuşdular.

Santos Braziliyanın müxtəlif yaş qrupları üzrə yığmalarında oynayıb. 2023-cü ilin martında isə o, əsas millinin heyətində debüt matçına çıxıb.

“Strasburq” və “Fulhem”də ayrılıq

Yeri gəlmişkən, Andrey Santosu icarəyə götürən “Strasburq” mərkəz müdafiəçisi Jerzino Nyamsini Rusiyanın “Lokomotiv” (Moskva) klubuna satıb. Liqa 1 təmsilçisi bu satışdan 3,5 milyon avro qazanıb. Əslən Kamerundan olan 27 yaşlı fransalı futbolçu Rusiya klubu ilə 2027-ci ilin 30 iyununa qədər anlaşıb.

Jerzino Nyamsi Fransanın “Renn” klubunun yetirməsidir. O, bu klubda olarkən “Şatoru”da icarədə də oynayıb. 2021-ci ildən “Strasburq”da forma geyinən müdafiəçi bu klubun heyətində meydana çıxdığı 69 oyunda 1 qol vurub, 3 assist edib.

Armando Broyanı heyətinə qatan “Fulhem” də iki futbolçusu ilə yollarını ayırıb. Dayaq yarımmüdafiəçisi Tayriz Fransua icarə əsasında Danimarkanın “Vayle” klubuna keçib. Hücumameyilli yarımmüdafiəçi Lyuk Harris isə “Ekseter Siti”yə icarəyə verilib. Hər iki futbolçu cari mövsümün sonuna kimi icarədə olacaq.

Həm Tayriz Fransua, həm də Lyuk Harris “Fulhem”in öz yetirmələridir. 23 yaşlı Fransua bu klubun əsas komandasında 11, 18 yaşlı Harris isə 7 oyun keçirib. Lyukdan fərqli olaraq, Tayriz ötən mövsüm Xorvatiyanın “Qoritsa” klubunda da icarədə çıxış edib. O, həm də Avstraliyanın U-23 yığmasında forma geyinir. Harris isə Uelsin U-21 yığmasının üzvüdür.

Xəbəri sosial şəbəkələrdə paylaş: