Bu gün kişilər arasında təşkil olunmuş həndbol üzrə 30-cu Azərbaycan çempionatında 2023/2024 mövsümünün 9-cu turuna start verilib.
Arena.az xəbər verir ki, ilk oyun günündə iki qarşılaşma baş tutub.
“Qarabağ” “İdman Akademiyası” ilə oyundan asan qələbə ilə ayrılıb – 36:16. “Bakı” da “Təhsil” üzərində rahat qələbəyə sevinib – 40:23.
Tura sabah keçiriləcək “Kür” – “Dinamo” oyunu ilə yekun vurulacaq.
Kişilər arasında ölkə çempionatının turnir cədvəlinə hesabında 14 xal olan “Kür” başçılıq edir. “Azəryol” liderdən 4 xal geri qalır. “Bakı” və “Qarabağ”ın da artıq hərəyə 10 xalı var. “Dinamo” ilə “İdman Akademiyası” 3 xal toplaya bilib. “Təhsil” isə 2 xalla sonuncudur.
Qadınların həndbol üzrə Azərbaycan çempionatında da 9-cu turun son görüşü sabah – fevralın 4-də baş tutacaq. “Kür” “Gənclər Birliyi” ilə qarşılaşacaq. Turun daha öncə keçirilmiş oyunarında “Qarabağ” “İdman Akademiyası”nı (40:17), “Azəryol” isə “Bakı”nı (44:10) asanlıqla məğlubiyyətə uğradıblar.
Hazırda 16 xalı olan “Qarabağ” liderliyini davam etdirir. Onun ən yaxın izləyicisi olan “Azəryol”un 15, “Kür”ün 11 xalı var. “İdman Akademiyası” ilə “Bakı” hərəyə 6 xalla 4-5-ci yerləri bölüşdürürlər. Autsayder “Gənclər Birliyi” hələ ki, xal qazana bilməyib.


