Son olaraq Birinci Liqa təmsilçisi “İrəvan”ın formasını geyinən Ədilxan Qarəhmədov bundan sonra “Kəpəz”in uğurları üçün çalışacaq.
Arena.az xəbər verir ki, bu barədə Gəncə klubunun mətbuat xidməti məlumat yayıb.
Xəbərdə bildirilir ki, gənc futbolçu ilə 2023/2024 mövsümünün sonuna kimi müqavilə bağlanıb. Razılaşmaya əsasən, anlaşmanın müddəti daha bir il artırıla bilər.
Ədilxan Qarəhmədov yarımmüdafiəçi mövqeyində çıxış edir. 23 yaşlı futbolçunun karyerasının böyük hissəsi “Səbail”də keçib. O, yayda paytaxt klubundan ayrılaraq “İrəvan”a keçmişdi. Vaxtilə “Səbail”də 66 oyuna 2 qol vurub, 1 məhsuldar ötürmə müəllifi olmuş Ədilxan, Azərbaycanın U-19 və U-21 yığmalarında da oynayıb.
Xatırladaq ki, “Kəpəz” bu qış fasiləsində “Səbail”dən Amil Yunanovu, “Sabah”dan isə Camal Cəfərovu da icarəyə götürmüşdü.


