Andre Şinyaşiki sıradan çıxdı, İvan Brkiç qayıtdı

Azərbaycan Kubokunun 1/4 finalında “Sumqayıt”a qarşı cavab matçında zədələnən “Neftçi”nin hücumçusu Andre Şinyaşiki 2 həftə oynamayacaq.

Arena.az xəbər verir ki, bu barədə paytaxt klubunun mətbuat xidməti məlumat yayıb.

Ətraflı müayinələrdən keçən braziliyalı forvardın durumuna aydınlıq gəlib. Baldır əzələlərində gərilmə olan Andre Şinyaşiki 2 həftədən sonra məşqlərə qoşula biləcək.

“Sumqayıt”la cavab matçından əvvəl baş tutan məşq prosesində sıradan çıxan Eddi İsrafilov isə 1 həftə sonra komandaya qoşula biləcək.

Uzun müddətdir zədəli olan qapıçı İvan Brkiç isə artıq fərdi məşqlərə start verib. Onun qısa müddətdən sonra komanda ilə məşqlərə qoşulması gözlənilir.

Xatırladaq ki, “Neftçi” sabah – fevralın 13-də Azərbaycan Premyer Liqasının 22-ci turu çərçivəsində “Araz-Naxçıvan”ın qonağı olacaq. Mərdəkandakı “Dalğa Arena”da baş tutacaq bu oyuna saat 19:30-da start veriləcək.

Xəbəri sosial şəbəkələrdə paylaş: