Avropa futbol tarixinin ən bahalı heyəti açıqlandı

2022/2023 mövsümü üçün Avropa Futbol Assosiasiyaları İttifaqının (UEFA) hesabatına görə, Avropa futbolu tarixində ən bahalı heyət açıqlanıb.

Arena.az məlumat verir ki, İngiltərə nəhəngi “Mançester Yunayted”in 2022/2023-cü illər mövsümündəki heyəti Avropa futbol tarixinin ən bahalı heyətidir.

UEFA-nın məlumatına görə, son mövsümdə “qırmızı şeytanlar”ın futbolçularının transfer dəyəri rekord – 1,42 milyard avro məbləğ təşkil edib. Beləliklə, “Mançester Yunayted” “Real”ın 2019/2020 mövsümündə müəyyən etdiyi 1,33 milyard avro məbləğindəki nəticəni geridə qoyub.

Vurğulayaq ki, “qırmızı şeytanlar” 2022/2023 mövsümünü İngiltərə Premyer Liqasının turnir cədvəlində 3-cü pillədə başa vurublar. “Mançester Yunayted” İngiltərə Liqa Kubokunu qazanıb və İngiltərə Kubokunun finalçısı olub. Avropa Liqasında isə Erik ten Haqın komandası yarışın gələcək qalibi “Sevilya”ya 1/4 final mərhələsində məğlub olaraq, mübarizəsini dayandırıb.

Cari mövsümün 24 turundan sonra “Mançester Yunayted” 41 xalla Premyer Liqanın turnir cədvəlinin 6-cı pilləsində qərarlaşıb.

Xəbəri paylaş:
Bizi sosial şəbəkələrdə izləyin: