Markinyos “Arsenal”ı “Fluminense”yə dəyişdi

İngiltərənin “Arsenal” klubunun braziliyalı sağ cinah vingeri Markinyos (Markus Vinisius Oliveyra Alenkar) “Fluminense”yə keçib.

Arena.az bu barədə “Fluminense”nin mətbuat xidmətinə istinadən məlumat verir.

Braziliya klubu 20 yaşlı vingeri London “Arsenal”ından icarə müqaviləsi əsasında heyətinə qatıb. İcarə müddəti 2024-cü ilin dekabr ayının sonuna qədər nəzərdə tutulub. Müqavilədə satınalmaya dair şərt nəzərdə tutulmayıb.

Markinyos “San-Paulu”nun yetirməsidir. Braziliyalı vinger “Arsenal”a 2022-ci ilin yayında 3,5 milyon avro qarşılığında keçib. Amma gənc futbolçu London klubunun əsas komandasında cəmi 6 oyuna çıxıb, 1 qol və 1 məhsuldar ötürmə ilə yadda qalıb. İngiltərə nəhəngi futbolçusunun daha çox oyun təcrübəsi qazanması üçün ötən mövsüm onu “Norviç Siti”yə icarəyə vermişdi. Braziliyalı vingeri bu mövsümün ilk dövrəsini də Fransanın “Nant” komandasında icarədə keçirib. O, Liqa 1 təmsilçisinin heyətində 7 oyuna 1 məhsuldar ötürmə ilə fərqlənib.

Markinyos böyük futbolda hələ heç bir qənimət qazanmayıb. O, Braziliyanın U-16, U-17, U-20 və U-23 komandalarına cəlb edilib, əsas milliyə isə hələ dəvət almayıb.

“Transfermarkt” internet-portalı 20 yaşlı braziliyalı vingerin transfer dəyərini 7 milyon avro məbləğində qiymətləndirir.

Ronael Pyer-Qabriel və Marko Roq Mahir Emrelinin komandasında

Yeri gəlmişkən, Markinyosla yollarını ayıran “Nant” sağ cinah müdafiəçisi Ronael Pyer-Qabriellə də vidalaşıb. 25 yaşlı fransalı futbolçu Xorvatiyanın “Dinamo” (Zaqreb) klubuna keçib. O, azərbaycanlı futbolçu Mahir Emrelinin də formasını geyindiyi Zaqreb təmsilçisi ilə 2026-cı ilin 30 iyununa kimi anlaşıb.

Ronael Pyer-Qabriel peşəkar karyerasına “Sent-Etyen”də başlayıb. O, karyerası ərzində “Monako”, “Maynts”, “Brest”, “Strasburq”, “Espanyol” kimi klublarda da forma geyinib. “Nant”a cari mövsümün əvvəlində qoşulmuş müdafiəçi Liqa 1 təmsilçisinin heyətində 12 oyuna çıxıb. Fransanın U-18, U-19 və U-21 yığmalarında oynamış futbolçuya əsas millidə şans verilməyib.
“Transfermarkt” internet-portalı 25 yaşlı fransalı müdafiəçinin transfer dəyərini 3,5 milyon avro məbləğində qiymətləndirir.

Mahirli “Dinamo” İtaliyanın “Kalyari” klubunun mərkəz yarımmüdafiəçisi Marko Roqu da heyətinə qatıb. Zaqreb təmsilçisi 28 yaşlı xorvar futbolçunu bu mövsümün sonuna kimi icarəyə götürüb.

Vətənində “Varajdin” və “RNK Split”də də oynamış Marko Roq, 2015/2016 mövsümündə də “Dinamo”da forma geyinib. 2016-cı ildə məhz Zaqreb klubundan “Napoli”yə keçmiş yarımmüdafiəçi, 2019-cu ildə Neapol təmsilçisini “Kalyari”yə dəyişib. O, “Napoli”də olarkən “Sevilya”da da icarədə oynayıb. Roq Xorvatiya milli komandasında da 21 oyun keçirib.

“Transfermarkt” internet-portalı 28 yaşlı xorvat yarımmüdafiəçinin transfer dəyərini 1,5 milyon avro məbləğində qiymətləndirir.

Xəbəri sosial şəbəkələrdə paylaş: