Rüfət Dadaşov cari mövsümdə 14-cü qolunu vurdu – Video

Futbol üzrə Azərbaycan millisinin sabiq hücumçusu Rüfət Dadaşov Almaniyanın “Dinamo” (Berlin) komandasında növbəti matçına çıxıb.

Arena.az xəbər verir ki, futbolçumuzun komandası Almaniyanın Şimal-Şərq Regional Liqasının 22-ci turu çərçivəsində “Jena” ilə qarşılaşıb.

“Dinamo” bu rəqiblə səfərdə üz-üzə gəlib. Futbolçumuzun komandası bu rəqiblə görüşdən çətin qələbə ilə ayrılıb – 3:2.

Rüfət bu oyuna start heyətdə başlayıb və sonadək mübarizə aparıb. Oyunda hesabı da 4-cü dəqiqədə penaltini dəqiq yerinə yetirən Dadaşov vurub. Bununla da o, cari mövsümdə vurduğu qolların sayını 14-ə çatdırıb.

22 turdan sonra 42 xala malik Berlin “Dinamo”su 18 iştirakçı arasında 2-ci pillədə qərarlaşıb. Komandanın ehtiyatda təxirə salınmış iki oyunu da var.

Xatırladaq ki, Rüfət Dadaşov “Dinamo”ya 2023-cü ilin yayında “Şalke”dən azad agent kimi ayrılaraq keçib. Azərbaycanlı hücumçu 2017/2018 mövsümündə də “Dinamo”nun uğurları üçün çalışıb. O, həmin vaxt Berlin təmsilçisində 29 oyuna 29 qol vurub, 2 məhsuldar ötürmə müəllifi olub. Bu mövsüm isə 32 yaşlı hücumçu 19 oyuna 14 qol vurub, 3 məhsuldar ötürmə edib.

Rüfət Azərbaycan milli komandasında da 24 oyuna çıxıb, 5 qola imza atıb.

Xəbəri paylaş:
Bizi sosial şəbəkələrdə izləyin: