Mircavadov “Neftçi”nin Bojoviçlə uğur qazanacağına inanmır

“Neftçi”nin sabiq baş məşqçisi Ağasəlim Mircavadov keçmiş komandasının cari mövsümdəki çıxışını dəyərləndirib.

Qış fasiləsində baş məşqçi dəyişikliyinə əl atan paytaxt təmsilçisi çempionatda “Qarabağ”dan çox uzaq düşsə də, ölkə kubokunda mübarizəsini davam etdirir.

Miodraq Bojoviçlə yeni dönəmə daxil olan “ağ-qaralar”ın hazırkı durumu barədə Azərbaycan millisinin və “Neftçi”nin sabiq çalışdırıcısı Ağasəlim Mircavadovla əlaqə saxlayıb fikirlərini öyrəndik.

“Şöhrət” ordenli mütəxəssisin Arena.az-a açıqlamasını təqdim edirik:

“Mən həmişə deyirəm ki, “Neftçi”nin problemi tez-tez baş verən məşqçi dəyişikliyi və bəzi legionerlərin kluba layiq olmamasıdır. Rəhbərlik nə düşünür, onu bilmirəm. Əsas onların düşüncəsidir. Mən neçə ildir anlaya bilmirəm ki, “Neftçi”nin oyun fəlsəfəsi nədir. Bu kluba yerli məşqçi lazımdır. Tarix boyu bu klubla yerli məşqçilər uğur qazanıblar. Bütün uğurların əksəriyyəti azərbaycanlı mütəxəssislərlə olub”, deyə Mircavadov keçmiş komandasının Bojoviçlə uğur qazanacağına inanmadığını dolayısı ilə vurğulayıb.

Nahid Məmmədov

Xəbəri paylaş:
Bizi sosial şəbəkələrdə izləyin: