Ayxan Abbasov: “Rəqabətə görə heyəti qurmaqda çətinlik çəkirəm”

“Turan Tovuz”un baş məşqçisi Ayxan Abbasov Azərbaycan Premyer Liqasının 24-cü turunda “Neftçi”yə qarşı keçirdikləri oyunu şərh edib.

Arena.az xəbər verir ki, 42 yaşlı mütəxəssis 1:1 hesabıyla yekunlaşmış matçdan sonra baş tutan mətbuat konfransında bunları söyləyib:

“Evdə oynadığımız üçün qələbə qazanmaq istəyirdik. Futbolçularıma təşəkkür edirəm, sona qədər mübarizə apardılar, təslim olmadılar. Azarkeşlərimiz hər rəqibə Tovuz səfərini hiss etdirirlər. Hər iki komanda qalib gəlmək istəyirdi. Rəqibin fərdi keyfiyyətləri yaxşı olan futbolçuları var “Neftçi”yə məğlub olmamaq önəmli idi”.

Abbasov “Neftçi”dən icarəyə götürdükləri 3 futbolçuya bu rəqiblə oyunda şans vermələrinə də münasibət bildirib:

“Onları meydana buraxmaq bizim üçün riskli deyildi. Əksinə, onlarda ikiqat motiasiya var idi. İstəkli olduqları görünürdü. Hər birinin yaxşı potensialı var.

Heyəti qurmaqda çətinlik çəkirəm. Yaxşı rəqabət var. Əsas heyətdə olmayan futbolçular çox istəkli idilər. Bu gün sonradan meydana daxil olanlar can qoydular. Komanda belə olmalıdır. Belə olanda, nəticəyə təsir edir. Qarşıdakı oyunlarda da rotasiyalar olacaq.

Fərid Nəbiyevin son turlarda az şans qazanması onun mövqeyində çıxış edən futbolçunun yaxşı oynaması ilə bağlıydı. Ayxan Hüseynov 4-5 oyun idi qollar vururdu. Rəqabətdir. Fərid bir az öz formasından aşağı çıxış edirdi. Amma onun potensialı var. Milli komandada oynamalı futbolçudur. Üzərində işləməlidir. Qol duyumu olan futbolçudur. Ondan çox şey gözləyirik.

Çempionat da gərginləşir. Sona qədər bu gərginliyin içində olmaq istəyirik”.

Ayxan Abbasov matçdan sonra tovuzlu azarkeşlərin “Neftçi”nin ehtiyat oyunçular skamyasında oturmuş Qara Qarayevə su qabı atması nəticəsində yaranmış gərginlikdən də söz açıb:

“Həmin epizodda yəqin ki, hakimə düzgün məlumat vermədilər. Rəqibin baş məşqçisinə təşəkkür edirəm. Çox mədəni insandır. Hakim elə başa düşdü ki, biz mübahisə edirik. Aqil Məmmədovla da mübahisə etmirdik. Aqil dedi ki, Qaranın başına nəsə atıbar. Dedim ki, görürük, azarkeşləri qızışdırmaq olmaz. Amma vəziyyəti normal şəkildə sakitləşdirdik”.

“Qarşımıza ikinci yeri tutmaq hədəfi qoyulub”

“Neftçi”nin baş məşqçisi Miodraq Bojoviç isə Tovuzdakı heç-heçə ilə bağlı bunları dilə gətirib:

“Azarkeşlər üçün çox maraqlı oyun oldu. Komandalarını çox gözəl dəstəkəyirdilər. Təbiət də gözəl idi. Həm bizim, həm də rəqibin yaxşı epizodları var idi. İlk və ikinci hissənin əvvəlində daha yaxşı çıxış etdik. Qol vurduqdan sonra oyunumuzda problemlər yarandı. Rəqib təzyiq etməyə başladı və bir neçə qol epizodları oldu. “Turan Tovuz” qələbə qazana da bilərdi.

İstədiyimiz bütün əvəzetmələri etmişdik. Dəyişiklik limitimiz dolmuşdu. Heç vaxt komandamın oyunundan razı olmuram. Düşünürəm ki, daha yaxşısını göstərə bilərik. Qarşımıza ikinci yeri tutmaq hədəfi qoyulub. Hər şey istədiyimiz kimi getsə, bu heyətlə hədəfə çata bilərik”.

Xəbəri paylaş:
Bizi sosial şəbəkələrdə izləyin: