İngiltərə Premyer Liqasının 26-cı turunda “Nyukasl”la 4:1 hesabıyla qalib gələn “Arsenal” yarışın tarixində müstəsna uğura imza atıb.
Arena.az “Opta Sport” statistik internet-portalına istinadən məlumat verir ki, London təmsilçisi Premyer Liqa tarixində ardıcıl 7 hissədə 2 və ya daha çox qol vurmuş ilk komanda olub.
Bu qol silsiləsi fevralın əvvəlində baş tutmuş “Liverpul”la oyunun (3:1) ikinci hissəsində başlayıb, ardınca “Vest Hem” (6:0) və “Börnli” (5:0) ilə oyunlarda davam edib.
Hazırda Premyer Liqada keçirdiyi 26 oyundan sonra “Arsenal” 58 xalla turnir cədvəlinin 3-cü pilləsində qərarlaşıb. “Nyukasl” isə 37 xalla 8-ci pillədədir. Premyer Liqaya 60 xalla “Liverpul” başçılıq edir. “Topçular” Premyer Liqadakı növbəti matçını martın 5-də səfərdə “Şeffild Yunayted”ə qarşı keçirəcəklər.


