Fatih Terim tənqid və təhqirə məruz qaldı, istefası tələb olundu

“Panatinaikos”un baş məşqçisi Fatih Terim son xal itkilərinə görə həm yunan azarkeşlərin, həm də jurnalistlərin tənqidinə məruz qalıb.

Arena.az xəbər verir ki, ötən tur “Lamiya” ilə ev oyununda (2:2) xal itirən “Panatinaikos” son olaraq “Kifisiya”ya qarşı görüşdən də heç-heçə ilə ayrılıb – 1:1.

Çempionluğa oynayan komandanın doğma meydanda ardıcıl xal itkiləri və liderliyi əldən verməsi azarkeşlər tərəfindən xoş qarşılanmayıb. “Panatinaikos” fanatları “Kifisiya” ilə matçdan sonra sosial şəbəkələrdə klub rəhbərliyini və Terimi tənqid, hətta təhqir edən açıqlamalar yayıblar. Klub prezidenti Yannis Alafuzos da tənqidlərdən yaxa qurtara bilməyib. “Panatinaikos”un bəzi azarkeşləri “Liqa artıq bitdi” şərhini yazıblar, bəziləri isə “Hər halda bu, İvan Yovanoviçin günahıdır” şərhini istehza ilə qeyd ediblər. Bununla onlar “Panatinaikos” rəhbərliyinin İvan Yovanoviçi yola salıb, baş məşqçi postuna Fatih Terimi gətirməsinin yanlışlığına işarə vurublar. Azarkeşlər klub prezidenti ilə birgə Fatih Terimi istefaya səsləyiblər.

70 yaşlı mütəxəssis yunan jurnalistlər tərəfindən də ciddi tənqidlərə məruz qalıb. SDNA-nın əməkdaşı Aleksis Spiropulosun təcrübəli məşqçi ilə bağlı həddini aşan ifadələr işlətməsi diqqət çəkib.

Xatırladaq ki, Fatih Terim 2023-cü ilin 26 dekabrından “Panatinaikos”a rəhbərlik edir. Türkiyəli mütəxəssis bu komandanı indiyə qədər 15 oyuna çıxarıb. Yunanıstan nəhəngi bu oyunlarda 8 qələbə qazanıb, 5 heç-heçə edib və 2 məğlubiyyətə üzülüb.

Terimin komandası Yunanıstan çempionatında hazırda 24 oyuna topladığı 52 xalla 3-cü pillədə qərarlaşıb. Afina AEK-i 55 xalla vahid liderdir. PAOK isə 54 xalla 2-cidir.

Bahar Rüstəmzadə

Xəbəri paylaş:
Bizi sosial şəbəkələrdə izləyin: