Martins Junior: “Bu, bizim üçün faciə olar”

“Kəpəz”in Braziliyadan olan yarımmüdafiəçisi Martins Junior Gəncə klubunun mətbuat xidmətinə müsahibə verib.

Arena.az xəbər verir ki, o, gəncəli fanatlarla bağlı fikirlərini bölüşüb:

“Gəncəlilər mənim üçün istiqanlı insanlardılar. Bunu özümə qarşı münasibətdən deyə bilərəm. Diqqət göstərirlər, hörmət edirlər. Oyunumla onların etimadını qazanmağa çalışıram. Hələ ki, pis alınmır. Burada günlərim yaxşı keçir. Ara-sıra ailəm də Gəncəyə baş çəkir. Bir müddət öncə vətənə döndülər. Azərbaycan mətbəxini sevirəm. Sadəcə, təamların adlarını yadda saxlamaq mənim üçün çətindir. Kabablarınız olduqca dadlıdır. Adam yedikcə doymur”.

Karnavalları və müxtəlif bayramlarını nəzərə alsaq, braziliyalıların əylənməyi sevdiyini söyləyə bilərik. Martins deyir ki, sakit Gəncə həyatına baxmayaraq, darıxmır. Əylənmək üçün tətillərdə vətəninə yollanır. 24 yaşlı futbolçu hazırda bütün diqqətini futbola yönəldib. Junior komandaya yeni baş məşqçinin gəlişi ilə çıxışlarında fərqin yarandığını bildirib:

“Performansımız artıb. Xüsusilə də Adil Şükürovun gəlişindən sonra komandada irəliləyiş var. Qalib də gəlirik, uduzuruq da. Amma oyunumuzda günbəgün inkişaf müşahidə olunur. Komanda həm yaxşı oyun sərgiləməyə, həm də nəticə qazanmağa çalışır. Bu, futboldur, bəzən bəxtin gətirmir. Premyer Liqada qalmağa köklənmişik. Fanatlarımıza da minnətdarlığımı bildirmək istəyirəm. Həmişə bizimlədirlər, dəstək verirlər. Uduzanda da bizi tək qoymurlar. Matçlarımıza daha da çox azarkeşin gəlməsini istərdim”.

Dünya çempionatları tarixində bir dəfə də olsun mundialın final mərhələsindən kənarda qalmayan Braziliya millisi indi qeyri-stabil çıxış edir. Görəsən, Martins bu barədə nə düşünür?:

“Braziliya millisinin parlaq tarixi var. Bəzən ən güclü komanda belə uğur qazanmaqda çətinlik çəkir. Bir braziliyalı kimi, əlbəttə, mən də istərdim ki, komandamız mundialda çıxış etsin. Mundiala gedə bilməsək, bu, bizim üçün faciə olar. Futbol inkişaf edir. Zəif komanda anlayışı yoxdur. Braziliyanın qrupdakı rəqibləri də güclü yığmalardır. Onlar da qalib gəlmək istəyirlər”.

Martins Junior pərəstiş etdiyi futbolçunun adını açıqlayıb. O, gənc yaşlarında Ronaldinyonu, hazırda isə Vinisius Junioru bəyəndiyini deyib.

Xəbəri sosial şəbəkələrdə paylaş: