İngiltərə Kubokunun 1/8 finalı çərçivəsində keçirilmiş “Çelsi” – “Lids” oyunu zamanı (3:2) xoşagəlməz hadisə yaşanıb.
Arena.az məlumat verir ki, oyunun 8-ci dəqiqəsində “Lids”in hesabı açması ilə müşayiət edilən ilk qolun vurulduğu an qonaqların bir azarkeşi “Stemford Bric”in tribunasının üst məhəccərindən yıxılıb.
Azarkeş komandasının qolunu çılğıncasına bayram edərkən, müvazinətini itirib və kəllə-mayallaq olaraq, alt bölümdəki azarkeşlərin üzərinə düşüb. Məhz bu məqam hündürlükdən yıxılmış tərəfdarın bəlkə də həyatını xilas edib.
Stadionun stüardları, polis və tibbi heyət dərhal zərərçəkmişə doğru qaçaraq, azarkeşlərin köməyi ilə onu qaldırıb və ilkin tibbi yardım göstəriblər. Bu məqam tribunaların alqışı ilə qarşılanıb. Daha sonra zərərçəkmiş hospitala çatdırılıb.
Öz növbəsində “Lids” klubu zərərçəkmişə dəstək ismarışları ünvanlayıb, tezliklə sağalmasını diləyib və hadisə haqda əlavə şərh verməmək mövqeyini tutub.


