Rakitiç: “Barselona”nın əziyyət çəkdiyini görmək məni incidir”

“Barselona”nın keçmiş hücumameyilli yarımmüdafiəçisi İvan Rakitiç Kataloniya klubunun hazırkı durumu ilə bağlı fikirlərini paylaşıb.

Arena.az Rakitiçin bu barədə fikirlərini təqdim edir:

“Barselona” altı il mənim evim olub, ona görə də onları çox izləyirəm. Onların əziyyət çəkdiyini görmək məni incidir. Xavi futbolu hər birimizdən daha yaxşı başa düşən biridir. Ümidvaram o, fərq yarada bilər, xüsusən də nəticələr bəzilərinin dediyi kimi fəlakətli olmadığı üçün. Klub da ağır iqtisadi vəziyyətlə üzləşib. Ümidvaram ki, “Barselona” yenidən parlayacaq”, deyə xorvat futbolçu bildirib.

Xatırladaq ki, İvan hazırda Səudiyyə Ərəbistanının “Əl-Şabab” klubunda çıxış edir. Tərəflər bu ilin yanvarında 2025-ci ilin iyun ayının sonuna qədər qüvvədə olacaq müqavilə imzalayıblar. Xorvat futbolçu yeni klubunda 4 oyuna çıxıb və 1 qol da vurub.

Rakitiç “Bazel”in yetirməsidir. Xorvat futbolçu karyerası ərzində “Şalke”, “Sevilya” və “Barselona”da oynayıb.

Rakitiçin qənimətlər muzeyində “Bazel”lə qazandığı İsveçrə Kuboku və “Şalke” ilə qazandığı Almaniya Kuboku ilə yanaşı, “Barselona” və “Sevilya” ilə qazandığı çoxsaylı qənimətlər var. O, “Sevilya” ilə Avropa Liqasının ikiqat qalibi olub. “Barselona” ilə isə İspaniya La Liqasını (4 dəfə), İspaniya Kral Kubokunu (4 dəfə), İspaniya Super Kubokunu (2 dəfə), Çempionlar Liqasını, UEFA Super Kubokunu və FIFA Klub Dünya Kubokunu qazanıb. Həmçinin Rakitiç 2015-ci ildə Xorvatiyada ilin futbolçusu seçilib.

Rakitiç karyerasının ilk dövrlərində İsveçrənin U-16, U-17, U-19 və U-21 komandalarında oynayıb. Amma sonradan xorvat futbolçu seçimini tarixi vətəninin xeyrinə edib: Xorvatiyanın U-21, ardınca isə əsas yığmasında çıxış edib.

İvan Rakitiç 2007-ci ilin sentyabrında debüt etdiyi Xorvatiya yığmasının heyətində 106 oyun keçirib, 15 qol vurub, 16 məhsuldar öyürmə verib.

“Transfermarkt” internet-portalı 35 yaşlı xorvat müdafiəçinin transfer dəyərini 4 milyon avro məbləğində qiymətləndirir.

Xəbəri sosial şəbəkələrdə paylaş: