AFFA İntizam Komitəsi cəzaları açıqladı: Şabanov 4 oyun cəza aldı

Bu gün AFFA İntizam Komitəsinin növbəti iclası keçirilib, müxtəlif çempionatlarla bağlı qərarlar açıqlanıb.

Arena.az xəbər verir ki, aparılmış müzakirələrdən sonra iclasda aşağıdakı qərarlar qəbul olunub:

Azərbaycan Premyer Liqası, 26-cı tur

“Kəpəz” – “Neftçi” oyununda “Kəpəz”in azarkeşləri tərəfindən matçın rəsmi şəxslərinin ünvanına kütləvi şəkildə təhqiramiz ifadələr səsləndirildiyinə görə Gəncə klubu 1000 manat cərimə edilib.

“Turan Tovuz” – “Araz-Naxçıvan” oyununda “Turan Tovuz”un 6 futbolçusu sarı vərəqə aldığına görə Tovuz klubu 700 manat cərimə edilib. “Araz-Naxçıvan”ın da 4 futbolçusu sarı vərəqə aldığına görə Naxçıvan klubu 700 manat cərimə edilib. “Araz-Naxçıvan”ın futbolçusu Vüsal Şabanov hakimi təhqir etdiyinə görə birbaşa qırmızı vərəqə aldığı üçün 4 oyun cəzalanıb, klubu 3000 manat cərimə edilib.

Birinci Liqa, 17-ci tur

MOİK – “Araz Saatlı” oyununda “Araz Saatlı”nın 4 futbolçusu sarı vərəqə aldığına görə Saatlı klubu 70 manat cərimə edilib.

“Qaradağ Lökbatan” – “İmişli” oyununda “Qaradağ Lökbatan”ın 4 futbolçusu sarı vərəqə aldığına görə sözügedən klub 70 manat cərimə edilib. “Qaradağ Lökbatan”ın futbolçusu Mikel Badejo ikinci sarıdan qırmızı vərəqə aldığı üçün 1 oyun cəzalanıb, klubu 50 manat cərimə edilib. Oyun bitdikdən sonra meydançaya kənar şəxs daxil olduğuna görə “Qaradağ Lökbatan” klubu 80 manat cərimə edilib.

“Karvan” – “Şamaxı” oyununda PFL Əsasnaməsinin tələbləri pozulduğuna görə “Karvan” klubu 50 manat cərimə edilib.

“Zaqatala” – “Mingəçevir” oyununda “Zaqatala”nın futbolçusu İbrahim Qədirzadə ikinci sarıdan qırmızı vərəqə aldığı üçün 1 oyun cəzalanıb, klubu 50 manat cərimə edilib. Bu oyunda xərəkdaşıyanlar olmadığına görə “Zaqatala” klubu 80 manat cərimə edilib.

Əvəzedicilər Liqası, 26-cı tur

“Səbail-2” – “Sumqayıt-2” oyunu qonaq komandanın futbolçusu Xəyal Fərzullayevin formasında problem olduğu üçün 4 dəqiqə gec başladığına görə “Sumqayıt-2” 80 manat cərimə edilib.

“Kəpəz-2” – “Neftçi-2” oyununda “Kəpəz”in 5 futbolçusu sarı vərəqə aldığına görə Gəncə komandası 70 manat cərimə edilib. “Kəpəz-2” komandasının məşqçisi Orxan Verdiyev hakimi təhqir etdiyinə görə birbaşa qırmızı vərəqə aldıqdan sonra hakimə təzyiq göstərməyə cəhd etdiyinə görə 5 oyun cəzalanıb. Gəncə klubu buna görə 400 manat cərimə edilib. “Kəpəz-2” komandasının azarkeşləri hakimin ünvanına kütləvi şəkildə təhqiramiz ifadələr səsləndirdiyinə və bu, cari mövsümdə ilk dəfə yaşandığına görə “Kəpəz-2” komandasına xəbərdarlıq edilib. Topdaşıyanların say limiti pozulduğuna görə “Kəpəz-2” komandası 80 manat cərimə edilib. Xərəkdaşıyanların say limiti pozulduğuna görə “Kəpəz-2” komandası 80 manat cərimə edilib.

“Turan Tovuz-2” – “Araz-Naxçıvan-2” oyununda “Araz-Naxçıvan”ın 6 futbolçusu sarı vərəqə aldığına görə “Araz-Naxçıvan-2” 70 manat cərimə edilib. “Araz-Naxçıvan-2” komandasının futbolçusu Nicad İsmayılov ikinci sarıdan qırmızı vərəqə aldığı üçün 1 oyun cəzalanıb, “Araz-Naxçıvan-2” 50 manat cərimə edilib.

Futzal, Yüksək Liqa

“Record” – “Baku Fire” oyunu “Record” komandası təyin edilən vaxtda meydanda olmadığına görə baş tutmadığı üçün “Record”a 0:5 hesablı texniki məğlubiyyət verilib.

Xəbəri paylaş:
Bizi sosial şəbəkələrdə izləyin: