Maks Eberl “Bayern”in yeni baş məşqçisinə əsas tələbini açıqladı

“Bayern”in idman direktoru Maks Eberl Münhen klubunun gələcək baş məşqçisinə əsas tələbin nədən ibarət olduğu haqda danışıb.

Arena.az “Bayern & Germany” dərgisinə istinadən məlumat verir ki, alman mütəxəssis “Bayern”in uzunmüddətli perspektivi düşünərək komandanın sükanı arxasına mütəxəssis axtarışında olduğunu bildirib:

“Əgər mən yeni məşqçi seçərkən hər hansı məhdudiyyət tətbiq etsəydim, böyük səhv etmiş olardım. Seçimlər var və zaman keçdikcə siyahı kiçiləcək. Bizə burada qısa müddət qalacaq yox, uzunmüddətli perspektivdə məşqçi lazımdır. Bu, heyətin və strategiyayanın planlaşdırılmasına gəldikdə, vacib bir əsasdır. Məşqçinin tez-tez dəyişməsi son vaxtlar klub üçün fəsada çevrilib”, – deyə Maks Eberl vurğulayıb.

Xatırladaq ki, “Bayern”in hazırkı baş məşqçisi, alman mütəxəssis Tomas Tuxel cari mövsümün bitməsilə klubdan ayrılacağını açıqlayıb.

Hazırda Tomas Tuxelin “Bayern”in Bundesliqanın 26 turundan sonra 60 xalla yarış cədvəlinin 2-ci pilləsində qərərlaşıb. Almaniya nəhəngi Bundesliqanın lideri Xabi Alonsonun “Bayer”indən (70 xal) 10 xal geri qalır. Çempionatın sonuna 8 tur qalmış belə böyük xal fərqinin aradan qaldırılmasının mümkünlüyü şübhəli görünür və Almaniya mətbuatı “əczaçılar”ı artıq çempion olaraq qələmə verir.

Xəbəri sosial şəbəkələrdə paylaş: