Həndbol üzrə qadınlardan ibarət Azərbaycan millisi Avropa çempionatının seçmə mərhələsində (AÇ-2024) növbəti oyununa çıxıb.
Arena.az xəbər verir ki, 5-ci qrupda yer almış yığmamız bu gün 5-ci tur çərçivəsində Şimali Makedoniya milli komandasını qəbul edib.
Sözügedən komandalar Bakı İdman Sarayında üz-üzə gəliblər. Tərəflər arasında Şimali Makedoniyada keçirilmiş ilk görüşdə meydan sahibləri 40:17 hesablı qələbə qazanmışdılar. Elə Bakıdakı qarşılaşmada da millimizin rəqibi sevinib. Qarşılaşma Şimali Makedoniya yığmasının 37:22 hesablı qələbəsi ilə yekunlaşıb.
Xatırladaq ki, həndbol millimiz bu seçmə mərhələdə yalnız evdə Litvaya qalib gəlib – 35:33. Komandamız İspaniya ilə ev (18:38) və Litvayla səfər (26:41) matçlarında da məğlub olub.
Hazırda Azərbaycan millisi 2 xalla qrupda sonuncu – 4-cü pillədə yer alıb. Şimali Makedoniya isə 6 xalla ikincidir. Qrupa maksimum nəticə ilə irəliləyən İspaniya yığması liderlik edir – 8 xal. Litva millisi də Azərbaycan yığması kimi 2 xal toplayıb və 3-cü sıradadır.


