Bu gün futbol üzrə UEFA Çempionlar Liqasında (ÇL) 2023/2024 mövsümünün 1/4 final mərhələsinə start veriləcək.
Arena.az xəbər verir ki, ilk oyun günündə iki qarşılaşma baş tutacaq.
Turnirin favoritləri hesab olunan “Real”la “Mançester Siti” Madrid təmsilçisinin meydanında üz-üzə gələcəklər. İspaniya nəhəngi ÇL tarixinin ən titullu komandasıdırsa, “şəhərlilər” son çempiondur.
Digər qarşılaşma Londonda baş tutacaq. Burada “Arsenal” Almaniya nəhəngi “Bayern”i qəbul edəcək. Münhen klubu favorit sayılsa da, son vaxtlar yaxşı formada olmaması Premyer Liqanın liderini qələbəyə ümidləndirib.
Bu mərhələnin “Atletiko” (İspaniya) – “Borussiya” (Dortmund) və PSJ (Fransa) – “Barselona” (İspaniya) oyunları aprelin 10-da keçiriləcək.
Qeyd edək ki, UEFA Çempionlar Liqasında 1/4 final mərhələsinin cavab matçları aprelin 16-17-də təşkil olunacaq.
UEFA Çempionlar Liqası
1/4 finalın ilk oyunları
9 aprel
23:00. “Real” (İspaniya) – “Mançester Siti” (İngiltərə)
Baş hakim: Fransois Letexye (Fransa).
Madrid, “Santyaqo Bernabeu” stadionu.
23:00. “Arsenal” (İngiltərə) – “Bayern” (Almaniya)
Baş hakim: Qlenn Nuberq (İsveç).
London, “Arsenal” stadionu.


