Antonio Rüdiger “Mançester Siti”dən intiqam almağı düşünür

“Real” müdafiəçisi Antonio Rüdiger Çempionlar Liqasının 1/4 finalında “Mançester Siti” ilə qarşıdakı oyun haqda fikirlərini paylaşıb.

Arena.az almaniyalı futbolçunun bu xüsusda fikirlərini təqdim edir:

“Hesab edirəm ki, hər iki tərəfdə tarixə böyük hörmət var, çünki hər iki komandanın heyrətamiz oyunçuları var. Əlbəttə ki, ötən mövsüm məğlub olduğumuz oyundan hələ də xatirələrimiz var. Bizim üçün çətin məqam idi, ona görə də intiqam almaq istəyimiz var.
Bu oyunu səbirsizliklə gözləyirik”, deyə Rüdiger bildirib.

Antonio Rüdiger afrikaəsillidir – atası afro-alman, anası isə Syerra-Leonedəndir. O, böyük futbola yetirməsi olduğu “Ştutqart” futbol akademiyasından gəlib. Buradan da 2015-ci ilin avqustunda icarə əsasında “Roma”ya transfer edilib. Tədricən oyun səviyyəsini və keyfiyyətini artırmaqda olan Rüdiger tamhüquqlu əsasda “Roma”da yerini möhkəmlədib və 2017-ci ilin iyulunda “Çelsi”yə keçib. Londonda çxışı müddətində daha da püxtələşmiş Rüdigeri 2022-ci ilin iyulunda “Real” “zadəganlar”dan azad agent qismində “oğurlayıb”. Almaniyalı müdafiəçinin “Real”la müqaviləsi 2026-cı ilin iyun ayının sonuna qədər qüvvədədir.

Cari mövsümdə Rüdiger “Real”ın heyətində bütün yarışlarda 36 oyuna 2 qol və eyni sayda məhsuldar ötürmə ilə fərqlənib. Almaniyalı müdafiəçinin “Real”ın heyətində çıxışının ümumi mənzərəsi belədir: 89 oyun, 4 qol, 2 məhsuldar ötürmə.

Antonio Rüdiger 2014-cü ilin may ayında debüt etdiyi Almaniya yığmasının heyətində bu günə qədər 68 oyun keçirib, 3 qol vurub, 4 məhsuldar ötürmə verib. Vurğulayaq ki, Antonio “bundestim”in əsas heyətinə U-18, U-19, U-20, U-21 yığmalarından keçməklə, özünün əməksevərliyi və çalışqanlığını sübut etməyi sayəsəində düşə bilib. Rüdiger Almaniya yığması ilə 2017 FIFA Konfederasiyalar Kubokunun qalibi olub.

Xəbəri paylaş:
Bizi sosial şəbəkələrdə izləyin: