“Bolonya”nın şotland yarımmüdafiəçisi Luis Ferqyuson İtaliya A Seriyasının 32-ci turunun “Montsa” ilə ev oyununda (0:0) dizindən zədə alıb.
Arena.az “Corriere dello Sport” dərgisinə istinadən məlumat verir ki, oyunun 62-ci dəqiqəsində əvəzlənmiş Ferqyusonun dizindən aldığı zədənin şiddətinə görə çarpaz bağını cırması ilə bağlı təhlükə var.
Belə olacağı halda şotland futbolçu mövsümün qalan hissəsini buraxmaq təhlükəsi ilə üzləşə bilər. Bu gün Ferqyuson əsaslı müayinədən keçməlidir, bundan sonra yekun diaqnoz bəlli olacaq.
Luis Ferqyuson “Hemilton”un yetirməsidir. Bir müddət “Aberdin”də çıxış etmiş şotland yarımmüdafiəçi 2022-ci ilin iyulunda 2 milyon avro müqabilində “Bolonya”ya transfer edilib.
Cari mövsümdə Ferqyuson “Bolonya”nın heyətində bütün yarışlarda 33 oyuna çıxıb, 6 qol vurub, 5 məhsuldar ötürmə verib.
Ferqyuson 2021-ci ilin sentyabrında debüt etdiyi Şotlandiya yığmasının heyətində 12 oyun keçirib, məhsuldar fəaliyyəti ilə diqqət çəkməyib.
Luis böyük futbolda heç bir qənimət qazanmayıb.
“Transfermarkt” internet-portalı 24 yaşlı hücumameylli yarımmüdafiəçinin transfer dəyərini 24 milyon avro məbləğində qiymətləndirir.


