Erik ten Haq: “Bütün fəsadlarımızı bilir və həllərini axtarırıq”

“Mançester Yunayted”in baş məşqçisi Erik ten Haq İngiltərə Kubokunu qazanmağın cari mövsümü xilas edib-etməyəcəyi haqda sualı cavablayıb.

Arena.az niderlandlı mütəxəssisin bu barədə fikirlərini təqdim edir:

“Biz üzləşdiyimiz vəziyyətlərə diqqət yetirməliyik. Biz hər mövsüm uğurlu olmaq, kuboklar qazanmaq istəyirik. Biz bütün fəsadlarımızı bilirik. Onların çoxu həmişə var, amma həll yollarını axtarmalıyıq”.

Xatırladaq ki, “Mançester Yunayted” İngiltərə Premyer Liqasında hazırda 32 oyundan 50 xalla yarış cədvəlinin 7-ci pilləsində qərarlaşıb. “Qırmızı şeytanlar” cari mövsümdə UEFA Çempionlar Liqasını qrup sonuncusu olaraq tərk ediblər. Həmçinin Erik ten Haqın yetirmələri İngiltərə Liqa Kubokunda uğursuzuğa düçar olublar. “Mançester Yunayted”in uğur qazana biləcəyi yeganə yarış, finalında “Mançester Siti” ilə qarşılaşacağı İngiltərə Federasiya Kubokudur.

Cari mövsümdə UEFA Çempionlar Liqasında qrup mərhələsini adlaya bilməyən və avrokuboklarda iştirakına xitam vermiş “qırmızı şeytanlar”, indi Ten Haqın rəhbərliyi altında Premyer Liqada ən azı 5-ci yeri hədəfləyərək, növbəti mövsümdə qitənin ən mötəbər klub turnirinə vəsiqə qazanmaq istəyindədirlər.

Erik ten Haq “Mançester Yunyated”i 2022-ci ilin iyulundan çalışdırır. Holland mütəxəssisin İngiltərə nəhəngi ilə müqaviləsi 2025-ci ilin iyun ayının sonuna qədər qüvvədədir.

Ümumilikdə Erik ten Haq “Mançester Yunayted”i 107 oyuna çıxarıb, 64 qələbə qazandırıb. Holland mütəxəssis 14 oyunda heç-heçə, 29 oyunda isə məğlubiyyətlə üzləşib, top fərqi isə 195:145 nisbətindədir. Ten Haq “Mançester Yunayted”ə 2022/2023 mövsümündə İngiltərə Liqa Kubokunu qazandırıb.

Xəbəri paylaş:
Bizi sosial şəbəkələrdə izləyin: