Qızıl Avropa Liqasında mübarizə aparan voleybol üzrə qadınlardan ibarət Azərbaycan millisi Sloveniyaya yollanıb.
Arena.az xəbər verir ki, bu barədə Azərbaycan Voleybol Federasiyasının mətbuat xidməti məlumat yayıb.
Xəbərdə bildirilir ki, Xorvatiyada baş tutan Qızıl Avropa Liqasının ilk turunun oyunlarının ardından yığmamız növbəti mərhələyə hazırlaşmaq üçün Sloveniyaya gedib. Maribor şəhərində bir neçə günlük məşq prosesi keçdikdən sonra komandamızın üzvləri sabah İstanbula, mayın 22-də isə 2-ci tura ev sahibiliyi edən Rumıniyaya yola düşəcəklər.
Qeyd edək ki, Azərbaycan yığması ikinci turda Rumıniya və İsveç komandaları ilə üz-üzə gələcək.
Yeri gəlmişkən, qadın voleybolçulardan ibarət millimizin toppaylayıcısı Yana Doroşenko yarışla bağlı fikirlərini bölüşüb. O, federasiyanın mətbuat xidmətinə açıqlamasında bunları söyləyib:
“Bütün rəqiblərimiz güclü komandalardır. Biz Faiq Qarayevin rəhbərliyi ilə Xorvatiya üzərində qələbə qazandıq. Çalışdıq ki, onun bütün tapşırıqlarına əməl edək. Əlbəttə, səhvlərimiz də oldu. İkinci oyunda isə hər birimiz sonadək mübarizə aparsaq da, məğub olduq. Növbəti oyunlara hazırlaşırıq. Bu oyunlar bizim üçün çox mühümdür. Hədəflərimiz böyükdür. Biz də daha yaxşı oynayıb qələbə qazanmaq üçün əlimizdən gələni edəcəyik”.


