“Bayer”in baş məşqçisi Xabi Alonso Avropa Liqasının finalında “Atalanta”dan aldığı acı məğlubiyyət haqda söhbət açıb.
Arena.az məlumat verir ki, “Atalanta” “əczaçılar” üzərində 3:0 hesablı qələbə qazanmaqla həm Avropa Liqasının qalibi olub və həm də “Bayer”in 51 oyundan ibarət mütləq Avropa rekordu olan məğlubiyyətsiz oyunlar silsiləsinə xitam verib.
Yeri gəlmişkən, buraxılmış bu 3 qol “Bayer” üçün mövsümdə ilk müvafiq nəticədir. Cari mövsümdə “əczaçılar” 2 qoldan artıq buraxmamışdılar və həmişə də geri-dönüş edə bilmişdilər.
Həmçinin “Bayer”i cari mövsümdə ilk dəfə olaraq Avropa Liqasında meydanı qol vurmadan tərk edib. Mövsümdə isə bu, “Bayern”in ikinci qolsuz oyunudur.
“Atalanta”nı təbrik etməliyik, onlar bu gün daha yaxşı idilər. Biz öz oyunumuzu göstərə bilmədik, çox fəal oynadılar. Futbolçuların əhval-ruhiyyəsi yaxşı idi, amma fəsadlarımız vardı. Biz imkan yarada bilmədik”, – Almaniya Bundesliqasının rəsmi saytı ispan mütəxəssisdən sitat gətirir.
“Bayer”in məğlubiyyətsiz oyunlar silsiləsinin qırılması haqda danışarkən isə Xabi Alonso bu məqamdan nikbin amil kimi istifadə etmək gərək olduğunu bildirib:
“Əlbəttə, bu, ağrılıdır. Amma bizə bu ağrıdan müsbət mənada istifadə etmək gərəkdir. Əldə etdiyimiz müstəsnadır və fəxr edəcəyimiz bir məqam var. Bir dərs alacağıq.
Bu gün qalib gəlmək üçün əla imkanımız oldu və əlimizdən gələni etdik, amma işlər planlaşdırıldığı kimi getmədi. Ən yaxşı səviyyəmizi göstərmədik: hamı, o cümlədən mən. Bu, çətin olacaq: məğlubiyyətə necə qarşılıq verəcəyik, ağrının öhdəsindən necə gələcəyik”, – UEFA-nın rəsmi saytı Xabi Alonsodan sitat gətirir.
Xatırladaq ki, bu acı məğlubiyyət mənzərəsində Xabi Alonsonu daha bir ciddi sınaq gözləyir. Mayın 25-də ispan mütəxəssis acı məğlubiyyət yaşamış “əczaçılar”ı səfərbər edib Almaniya Kubokunun finalında “Kayzerslautern”lə oyuna çıxarmalıdır.


