“Çelsi”nin yarımmüdafiəçisi Koul Palmer “zadəganlar”ın 2023/2024-cü illər mövsümündəki nəticələrinə yekun vurub.
Arena.az ingilis futbolçunun bu barədə fikirlərini təqdim edir:
“Son beş oyunda mövsümün əvvəli ilə müqayisədə daha mütəşəkkil idik. Çox şey baş verir. Tyaqo Silva futbolun ən yaxşı mərkəz müdafiəçilərindən biridir. Əsl əfsanədir. Bizim gənc, ruhlandırıcı komandamız var. Çox çalışsaq, düşünürəm ki, böyük nailiyyətlər əldə edə bilərik”, deyə Palmer gələcəyə strateji baxışla vurğulayıb.
Xatırladaq ki, Palmer azarkeşlərin rəyincə geridə qalmış mövsümdə İngiltərə Premyer Liqasının ən yaxşı oyunçusu seçilib. O, “Çelsi” tarixində müvafiq mükafatı qazanmış ilk oyunçu olub.
Buna qədər Palmer İngiltərə Premyer Liqasında aprel ayının ən yaxşı oyunçusu seçilmiş, ardınca mövsmün ən yaxşı gənc oyunçusu mükafatını qazanmış və mövsmün ən səmərəli futolçusu olmuşdu.
Koul Palmer İngiltərənin digər klubu “Mançester Siti”nin yetirməsidir. İngilis yarımmüdafiəçi “Çelsi”yə 2023-cü ilin sentyabr ayında 47 milyon avro müqabilində məhz Mançester klubundan keçib. Yarımmüdafiəçinin London təmsilçisi ilə müqaviləsi 2030-cu ilin iyun ayının sonuna qədər qüvvədədir.
Cari mövsümdə Palmer “zadəganlar”ın heyətində bütün yarışlarda 45 oyuna çıxıb, 25 qol və 15 məhsuldar ötürmə ilə fərqlənib.
Koul Palmer ötən ilin noyabr ayında debüt etdiyi İngiltərə yığmasının heyətində 2 oyun keçirib, məhsuldar fəaliyyəti ilə hələ diqqət çəkməyib.
“Transfermarkt” internet-portalı 22 yaşlı yarımmüdafiəçinin transfer dəyərini 55 milyon avro məbləğində qiymətləndirir.


