İspaniyanın “Barselona” klubu mövsümün sonunda əsas komandanın baş məşqçisi Xavi Ernandes ilə yollarını ayıracaq.
Arena.az xəbər verir ki, bu barədə Kataloniya klubunun rəsmi saytı məlumat yayıb.
Açıqlamada klub prezidenti Xuan Laportanın bu gün Xaviyə onun 2024/2025 mövsümündə komandanın baş məşqçisi olmayacağını dediyi diqqətə çatdırılıb.
Xatırladaq ki, Xavi hələ aylar öncə mövsümün sonunda komandadan gedəcəyini açıqlamış və klub rəhbərliyi də onun bu qərarını rəsmi olaraq təsdiqləmişdi. Lakin mövsümün gedişində nəticələrin yaxşılığa doğru getməsi fonunda Xuan Laporta baş məşqçini komandadan ayrılmaq fikrindən daşındırmışdı. Bir müddət öncə Kataloniya təmsilçisi rəsmi açıqlama yayaraq Xavinin postunda qalacağını açıqlamışdı.
Cəmi bir neçə həftə sonra – bu gün isə yeni qərar açıqlandı: Xavi komandada qalmayacaq. İspan mütəxəssis mayın 26-da “Sevilya” ilə səfər matçından sonra postunu tərk edəcək.
Xavi Ernandes “Barselona”nı 2021-ci ilin noyabrından çalışdırırdı. 44 yaşlı mütəxəssisin Kataloniya nəhəngi ilə müqaviləsi 2025-ci ilin iyun ayının sonuna qədər qüvvədə idi.
“Barselona” Xavinin məşqçilik karyerasında ilk nəhəng komandadır. Buna qədər ispan mütəxəssis Qətərin “Əl-Sədd” komandasını çalışdırıb və komandasına Qətərin yerli əhəmiyyətli bütün qənimətlərini qazandırmağı bacarıb.
“Barselona” Xavinin rəhbərliyi altında ümumilikdə 141 oyun keçirib. “Blauqrana” bu oyunlarda 89 qələbə qazanıb, 23 heç-heçə edib və 29 məğlubiyyətə üzülüb. “Blauqrana”nın top fərqi isə 277:157 nisbətindədir.
2022/2023 mövsümündə mütəxəssis “Barselona”ya İspaniya La Liqasını və İspaniya Super Kubokunu qazandırıb. Futbol ölçüləri ilə gənc sayıla biləcək mütəxəssisin 24 ili məhz “Barselona”da keçib. Xavi futbolçu kimi 17 il Kataloniya klubunun əsas komandasında çıxış edib.
Hazırda Xavinin “Barselona”sı İspaniya La Liqasının 37 turundan sonra 82 xalla yarış cədvəlinin 2-ci pilləsində qərarlaşıb. Komanda mövsümü elə gümüş medallarla başa vuracaq.


